"İranda baş verənlər planlı təxribatdır" - ŞƏRH
İslam Respublikası olan İran artıq 18-ci gündür ki, gözünü mitinqlər və kütləvi etirazlarla açır. Son zamanlar ölkədə hakimiyyətin tez-tez edam qərarları, milli valyutanın xarici valyutalar qarşısında sürətlə dəyər itirməsi, dərinləşən sosial-iqtisadi böhran və Ali Dini Lider Ayətullah Əli Xameneinin sərt idarəetmə rejimi xalqın səbr kasasını daşıran əsas amillər oldu. Məhz bu səbəblər cəmiyyətdə illərdir yığılan narazılığı partlayış nöqtəsinə gətirib çıxardı.
Lakin bu dəfəki etirazlar əvvəlkilərdən tamamilə fərqlənir. Çünki qeyri-rəsmi mənbələrə görə, təxminən 3 minə yaxın insanın həyatını itirdiyi bu hadisələr artıq qətliam miqyası alaraq beynəlxalq medianın gündəm mövzusuna çevrilməklə yanaşı, Qərb və Avropa ölkələrinin də sərt reaksiyalarına səbəb olub.
Belə ki, İranın Britaniya, Fransa, Belçika, İspaniya, Finlandiya və Niderlanddakı səfirləri dinc etirazçılara qarşı zorakılıq hallarına etiraz əlaməti olaraq müvafiq ölkələrin Xarici İşlər Nazirliklərinə çağırılıblar. Bununla yanaşı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı İranda dinc nümayişçilərin öldürülməsinin dərhal dayandırılmasını tələb edib.
Digər diqqətçəkən məqam isə ABŞ-nin mövqeyidir. Donald Tramp İranın onunla danışıqlar masasına oturmaq istədiyini açıqlasa da, Vaşinqtonun hazırda bu istiqamətdə dialoq qurmaq niyyətində olmadığını görürük. Nəinki dialoq qurmaq, ABŞ və Fransa başda olmaqla, bir sıra ölkələr öz vətəndaşlarını etirazlar səbəbindən İranı tərk etməyə çağırıblar. Bütün bunlar vəziyyətin daha da gərginləşəcəyindən xəbər verir.
Trampın son açıqlaması isə gərginliyi daha da artırıb. O, etirazçılara “yardım göndəriləcəyi” vədini verib.
“Etirazçıların mənasız şəkildə öldürülməsi dayanana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etdim. Kömək yoldadır”, – Tramp bildirib.
Buna cavab olaraq İran hökuməti etirazlarda iştirak edənlər arasında “terrorçuların” olduğunu iddia edir. Rəsmi Tehranın açıqlamalarına görə, ölkədə dövlət binaları ilə yanaşı məscidlərin də yandırılması, baş verənlərin adi etiraz yox, planlı təxribat olduğunu göstərir. Hakimiyyət isə eyni zamanda etirazçılara qarşı amansız güc tətbiqinin davam etdiyini gizlətmir.
İran prezidenti Məsud Pezeşkian da ölkədəki xaosun yaranmasında başqalarını günahkar sayır:
“Əlbəttə ki, bu cinayətkarlar adi insanlar deyil və İran vətəndaşları deyillər”, – deyə o, bildirib.
Bir sözlə, İran hakimiyyəti ölkədə yaranmış xaosun əsas səbəbkarı kimi ABŞ və İsraili günahlandırır. Bəs bu etirazların sonu necə olacaq? Mövcud vəziyyət fonunda ABŞ-nin İrana hərbi müdaxilə ehtimalı varmı?
İranda baş verən hadisələrin gedişatını və mümkün ssenariləri Patrul.az-a şərh edən politoloq Azad Məsiyevin fikrincə, ölkədəki xaos ABŞ və Qərb tərəfindən İran hakimiyyətini zəiflətmək və nəzarət altına almaq məqsədilə əvvəlcədən hazırlanmış ssenarinin tərkib hissəsidir:

“Bildiyimiz kimi, ABŞ başda olmaqla uzun müddətdir ki, İrana sanksiyalar tətbiq edilir. İran həm iqtisadi, həm də siyasi sanksiyalara məruz qalır. ABŞ-nin məqsədi İranda hakimiyyəti dəyişərək, özlərinə uyğun bir hökumət qurmaqdır. Bu baxımdan, uzun müddətdir ki, İran sanskiyalar altındadır və bu da ölkədə iqtisadi krizis yaradıb. Krizin nəticəsində də sosial problemlər yaratmaq və xalqı üsyana təhrik etmək dayanır. Tehran hökuməti də bu sankiyalara uzun müddətdir ki, duruş gətirir və ABŞ-nin İranda hakimiyyət dəyişikliyi ssenarisinə cavab olaraq, dövlətin müxtəlif strukturlarında onun siyasətinə qarşı tədbirlər görülməkdədir”.

Politoloq İranın mövcud vəziyyətini Ukraynada 2013-cü ilin noyabrında başlayan və 2014-cü ilin fevralında pik həddə çatan “Maidan” hərəkatı ilə müqayisə edib. Onun sözlərinə görə, əsas fərq etirazların başlanma səbəbləridir. Belə ki, İranda baş verən etirazlar daha çox iqtisadi və sosial səbəblərə, Ukraynadakı “Maidan hərəkatı” isə siyasi proseslərə qarşı yönəlib:
“İranda baş verən hadisələr 2014-cü ildə Ukraynanın paytaxtı Kiyev şəhərinin “Maidan” hərəkatındakı ssenarini xatırladır. O dövrdə də kütlə Ukraynada siyasi çalarla ayağa qalxaraq ixtişaş yaratdı. Nəticədə bu etirazlar insan tələfatı ilə nəticələndi, bununla da hakimiyyət devrildi.
İranda isə iqtisadi-sosial problemlərlə əlaqədar ixtişaşlar yaradılıb. Etirazçılarla Qərbin Agentura şəbəkəsinin kəşfiyyat qurumlarının maraqları üst-üstə düşür. Bu gün İranda idarə olunan bir xaos baş verir. Bu, etirazçılar sosial problemlərlə etiraz edən kütlə ilə ABŞ və Qərbin kəşfiyyat qurumlarının casus şəbəkəsinin birgə fəaliyyətidir. Qərbin məsqədi İranda xaosu alovlandırmaq və etirazçılarla hakimiyyət arasında kəskin qarşıdurma yaratmaq, o cümlədən dioloqun qarşısını almaqdır. ABŞ uzun müddətdir ki, İranda hakimiyyət qurmaq ssenarisi üzərində işləyir”.

Şərhçi 13 iyun – 24 iyun 2025-ci il tarixləri arasında İran və İsrail arasında baş vermiş hərbi qarşıdurmanı da xatırladaraq bildirib ki, həmin dövrdə İran hakimiyyət nümayəndələrinin asanlıqla qətlə yetirilməsi ölkədə casus şəbəkələrinin mövcudluğunu sübut edir:
“Bildiyimiz kimi, İran və İsrail arasında baş tutan 12 günlük müharibədə də biz İslam dövlətində ABŞ və Tel-Əvivin kifayət qədər casus şəbəkəsinin fəaliyyət göstərdiyinin şahidi olduq. Bu casus şəbəkəsinin fəaliyyəti nəticəsində alimlərin və generalların qətlə yetirildiyini müşahidə etdik. Bəzi İran generallarının olduğu evlərin dəqiq hədəfə alınmasını gördük. Bu gün həmin casus şəbəkəsinin İranı daha qlobal xaosa sürükləmək, xalqı üsyana təhrik etmək, vətəndaş itaətsizliyi yaratmaq və orada siyasi hakimiyyət böhranı yaradaraq çevriliş etmək kimi planları var”.

Həmsöhbətimizin fikrincə, ABŞ və ya hər hansı bir dövlətin İran hakimiyyətini devirməyə gücü çatmaz. Çünki, ölkənin hakim dairələri güclü qüvvəyə sahibdir. Politoloq hətta, İran Prezidenti Məsud Pezeşkianın da etirazçılarla dialoqa qoşulmaq istəməsinin səbəbini izah etdi. Məlumdur ki, Pezeşkian etirazçıların administrasiyası tərəfindən dinlənəcəyini söyləmişdi:
“Lakin İran başqa dövlətlərdən fərqli olaraq ideoloji bir ölkədir. Ona görə ki, burada kifayət qədər formalaşmış dövlət strukturları var.
İran Prezident Məsud Pezeşkian da etirazçılara çağırış edərək, dioloq yaratmağa çalışır. O, xalqın içində danışıqları aparmaq üçün bir mövqe nümayiş etdirir. Pezeşkian seçkilər dövründə də açıq şəkildə bəyan etmişdi ki, İran dövləti ilə Qərb arasında dioloqun aparılması vacibdir. Onun, dəfələrlə də İrandakı sosial problemləri vurğulayan bəyanatlarını eşitmişik”.

A.Məsiyev İslam Respublikasında baş verənləri “xarici qüvvələr tərəfindən qəsədən yaradılan” və “idarə edilə bilən bir xaos” adlandırır. Onun fikrincə, məqsəd İran hakimiyyətini daxili qarşıdurmalarla zəiflədərək nəzarəti ələ keçirməkdir:
“Bu gün İranda baş verən hadisələr ABŞ də başda olmaqla, Qərbin apardığı “təxribat xarakterli idarə edilən bir xaos”dur. Çünki etirazçılarla siyasi hakimiyyət arasında dialoqun baş tutmaması üçün qətllərin həyata keçirilməsi, binaların, ticarət mərkəzlərinin, hətta məscidlərin yandırılması fakları görünməkdədir.
Real vəziyyət ondan ibarətdir ki, Pezeşkian etirazçılarla dialoq qurmaq üçün çağırışlar edir. Onun məqsədi bununla da xaosun qarşını almaqdır. Təbiidir ki, ölkədə ixtişaş törədənlərə qarşı da amansız davranış olacaq. Çünki İran Amerikanın təzyiqi nəticəsində geri çəkilən bir dövlət deyil. Düzdür, ABŞ və Qərb koalisiyası Tehrana hərbi zərbə endirmək üçün bəhanələr axtarır. Onlar bu bəhanəni istədikləri vaxt tapa bilərlər. Ümumiyyətlə, müasir dünyamızda yalan həqiqət kimi təqdim olunur. Belə olan təqdirdə doğrunun dediyi fikirlər heç vaxt qəbul edilmir. Yəni, Birləşmiş Ştatlar yalan üzərində həqiqət yaratmağı bacarır.
Bu gün İranda baş verən hadisələr ABŞ-nin strateji planının bir tərkib hissədir. Onlar İrandakı xaosdan ixtişaş törədərək xalqı itaətsizliyə cəlb etmək istəyirlər ki, bununla da İran dövlətini devirərək özlərinə uyğun hakimiyyət qurmaq istəyirlər”.

Politoloq əlavə edib ki, ölkədə vəziyyətin gərginləşməsinin əsas səbəblərindən biri etirazçılarla təxribatçıların maraqlarının üst-üstə düşməsidir:
“Təəssüflər olsun ki, İranda baş verən etarazlarda etirazçılarla təxribatçıların maraqları üst-üstə düşür. İranın indiki siyasi hakimiyyəti çalışır ki, ixtişaşın qarşısını alsın və dialoqa başlasın. Nə qədər tez dialoq baş tutarsa, ixtişaşın ölkənin digər bölgələrə də yayılmasının qarşısını almaq niyyətini daşıyır. Hesab edirəm ki, Pezeşkian daloqa artıq başlayıb və problemləri bu yolla həll etməyə cəhd edəcək”.

Gülbəniz Səfərova






