İşdə saqqal saxlamağa qadağa qoyulur? - AÇIQLAMA
Azərbaycanda son günlər dövlət qurumları və özəl müəssisələrdə saqqal saxlanılması ilə bağlı yaranan müzakirələr, əmək hüququ və fərdi azadlıqlar arasındakı balansı yenidən gündəmə gətirib.
Qanunvericilik bu məsələdə nə deyir? İşdə saqqal saxlamağa qadağa qoyula bilər?
Mövzu ilə bağlı vəkil Turan Abdullazadə Patrul.az-a bildirib ki, Azərbaycanda saqqal saxlamaq məsələsi birbaşa ayrıca qanunla tənzimlənmir, lakin bu mövzu əmək hüquqları, şəxsi həyatın toxunulmazlığı və diskriminasiya qadağası prinsipləri çərçivəsində qiymətləndirilə bilər:
“Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçi və işəgötürən münasibətlərini tənzimləyən əsas sənəddir. Bu Məcəllədə: işçinin şəxsi görünüşü (saqqal, saç və s.) ilə bağlı ümumi qadağa nəzərdə tutulmayıb. İşçinin hüquqları sırasında şəxsiyyətinin ləyaqətinin qorunması və diskriminasiyaya məruz qalmamaq prinsipləri yer alır
Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası da: şəxsi həyatın toxunulmazlığını və bərabərlik hüququnu təmin edir”.

Vəkil, tam qadağa məsələsinin bir qədər həssas və kontekstdən asılı olduğunu söyləyib:
“İşəgötürən daxili qaydalarla müəyyən məhdudiyyətlər tətbiq edə bilər, əgər: 1)bu, işin xarakterindən irəli gəlirsə (məsələn, qida istehsalı, tibb, təhlükəsizlik sahəsi) 2) gigiyena və ya texniki təhlükəsizlik tələbləri bunu zəruri edirsə 3) müəssisənin korporativ imic siyasəti əsaslandırılmış və hamıya bərabər şəkildə tətbiq olunursa
Lakin Saqqala qadağa əsassız və selektiv tətbiq edilirsə, bu qadağa vicdan azadlığını, dini və ya şəxsi inancları dolayı şəkildə məhdudlaşdırırsa, işçinin hüquqlarına proporsional olmayan müdaxilədirsə, bu hallarda artıq məsələ diskriminasiya kimi qiymətləndirilə bilər.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi işəgötürənə müəssisədaxili qaydalar (o cümlədən dress-kod) müəyyən etmək hüququ verir. Amma eyni zamanda: bu qaydalar qanunvericiliyə zidd olmamalıdır. İşçilərin əsas hüquq və azadlıqlarını məhdudlaşdırmamalıdır”.
Müsahibimiz bildirib ki, dress-koddakı qayda hamıya bərabər və ardıcıl şəkildə tətbiq olunursa bu “saqqal” qadağası hüquqa zidd olmaya bilər:
“Yəni, Dress-kodda saqqal qadağası yazıla bilər. Amma bu, yalnız əsaslandırılmış və zəruri hallarda hüquqi sayılır. Əsassız və selektiv qadağa isə məhkəmədə mübahisələndirilə bilər.
Polis, hərbi və digər xüsusi rejimli dövlət xidmətlərində isə vəziyyət xeyli fərqlidir – burada saqqal məsələsi artıq adi dress-kod yox, xidmət intizamı və xüsusi qaydalar çərçivəsində qiymətləndirilir.
Bu sahələrdə münasibətlər təkcə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə deyil, həm də xüsusi qanunlar və nizamnamələrlə tənzimlənir:
Hüquq mühafizə orqanları, polis və hərbi strukturlarda xarici görünüş ciddi standartlaşdırılır. Forma, saç, saqqal kimi məsələlər nizamnamə ilə konkret müəyyən edilir. Əksər hallarda təmiz qırxılmış üz tələb olunur”.
“Bu tələblər adətən intizam, vahid görünüş, komanda idarəçiliyi, tabelik sistemi, dövlət orqanının nüfuzu və ictimai etimad prinsiplərinə əsaslanır.
Bu sahələrdə saqqal qadağası tam qanuni sayılır, çünki xüsusi xidmət rejimi var. Məhkəmələr də adətən belə məhdudiyyətləri legitim məqsədli hesab edir. Bu, artıq “işəgötürənin seçimi” yox, xidmət intizamının tərkib hissəsi kimi qəbul olunur”,– deyə o əlavə edib.
Ləman Sərraf






