İşdən qovduğuna görə müdirini öldürdü - VİDEO
Rusiyanın paytaxtı Moskvada dəhşətli qətl hadisəsi baş verib.
Patrulaz.az “Nexta Live”a əsasən xəbər verir ki, Moskvada Avtozavodskaya küçəsində yerləşən bank filialında 40 yaşlı işçi Konstantin Toropov müdiri Natalya Paskovaya bir neçə bıçaq zərbəsi vurub.
Məlumata görə, qadın hadisə nəticəsində aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Müstəntiqlər onun barəsində qətl maddəsi ilə cinayət işi açıb.
İlkin məlumata görə, insident işdən çıxarılması ilə bağlı yaranan mübahisə zamanı baş verib.
Digər işçilərin sözlərinə görə, qətli törədən şəxs aqressiv və nalayiq davranışı ilə seçilib. Şahidlər bildiriblər ki, qadın işçilər onun kobudluğundan və kobud danışığından narazı idilər.
Qeyd edək ki, qətlə yetirilən müdirin həyat yoldaşı hadisə yerinə tapança ilə gələrək, günahkarı öldürmək istəsə də, onun bu cəhdinin qarşısı alınıb.
Hadisə ilə bağlı istintaq davam etdirilir.






