media-photo-output

Ötən günlərdə “WhatsApp” ani mesajlaşma proqramında yaradılan “İş elanları” qrupunda vətəndaşları xaricdə yüksək maaşlı işlə təmin edəcəyinə söz verərək onların pullarını ələ keçirən şəxs saxlanılıb.

Bu halda həmin şəxs necə cəzalandırılır? Ümumiyyətlə, kimisə işə düzəltmək, yaxud bu məqsədlə pul almağın cəzası nədir?

Patrul.az mövzu ilə bağlı vəkil Anar Qasımlıya müraciət edib.

O bildirib ki, işə düzəltmə fəaliyyəti qanunla qadağan olunmayan bir sahədir:

“Bu o deməkdir ki, istər fiziki, istərsə də hüquqi şəxslər işə düzəltmə xidməti göstərə bilərlər. Onlar şirkət açaraq və ya fiziki şəxs kimi bu fəaliyyətlə məşğul ola və göstərdikləri xidmət qarşılığında müəyyən haqq ala bilərlər.

Lakin bu fəaliyyət mütləq şəkildə qanuni çərçivədə həyata keçirilməlidir. Yəni:

  • Xidmət müqavilə əsasında göstərilməlidir;
  • Ödənişlər yalnız köçürmə yolu ilə, yəni bank hesabına rəsmi şəkildə həyata keçirilməlidir;
  • Vətəndaşla xidmət müqaviləsi bağlanmalı, orada göstəriləcək xidmətin bütün şərtləri aydın və dəqiq şəkildə öz əksini tapmalıdır.”

Vəkilin sözlərinə görə, təəssüf ki, bəzi hallarda fırıldaqçılıqla məşğul olan şəxslər işə düzəltmə adı altında insanları aldadaraq onların pul vəsaitlərini mənimsəyirlər:

“Bu cür hallar artıq cinayət tərkibli əməllərdir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə (dələduzluq) əsasən cinayət məsuliyyəti nəzərdə tutulur.

Bu maddəyə görə cəza növü:

  • Vurulmuş ziyanın məbləğindən,
  • Cinayətin bir və ya bir neçə dəfə baş verməsindən,
  • Ziyanın tam və ya qismən ödənilib-ödənilməməsində asılı olaraq dəyişə bilər.”

“Əgər şəxs ilk dəfə bu cür cinayət törədibsə, vurulmuş ziyanı tam şəkildə ödəyibsə və dövlətə müəyyən məbləğdə ödəniş edərsə, cinayət məsuliyyətindən azad oluna bilər. Lakin bu imkan yalnız bir dəfə, yalnız ilk cinayət halı üçün nəzərdə tutulur”, – deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər