İŞİD-lə əlaqəli qruplaşmadan növbəti VƏHŞİLİK: Onlarla insan qətlə yetirildi
Konqo Demokratik Respublikasında (KDR) üsyançıların hücumu nəticəsində azı 17 mülki şəxs həlak olub.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şərqindəki İturi əyalətinin Mambasa regionuna daxil olan Babila-Babombi qəsəbəsində qeydə alınıb.
Məlumata görə, “Demokratik Alyans Qüvvələri” (ADF) adlı üsyançı qruplaşmanın üzvləri mülki əhaliyə qarşı odlu silahlardan atəş açıblar. Hücum zamanı terrorçular yerli sakinlərin çoxsaylı evlərini və mülklərini yandıraraq tamamilə külə çeviriblər, sakinlər arasında girov götürülənlərin olduğu bildirilir.
Yerli hüquq-mühafizə orqanlarından verilən məlumata görə, bu, Mambasa ərazisində törədilən ilk analoji cinayət deyil. Təkcə bu ilin mart və aprel aylarında ADF qruplaşması eyni regionda qızıl mədənlərinə və kəndlərə hücum edərək 70-dən çox mülki vətəndaşı qətlə yetirib.
Ümumilikdə isə, 2026-cı ilin yanvarından may ayının ortalarına qədər İturi əyalətində ADF terrorçuları tərəfindən 879 mülki şəxs amansızlıqla öldürülüb. Bölgədə humanitar fəlakət isə pik həddə çatıb.
Qeyd edək ki, təməli 1990-cı illərin sonlarında Uqandada qoyulan ADF qruplaşması 2019-cu ildə İŞİD terror təşkilatına qoşulub və hazırda onun “Mərkəzi Afrika Vilayəti” qolu kimi fəaliyyət göstərir. KDR və Uqanda ordusunun birgə hərbi əməliyyatlarına baxmayaraq, meşəlik ərazilərə sığınan terrorçular müdafiəsiz kəndlərə qəfil reydlərini davam etdirirlər.






