"İsrail bu atom stansiyasına zərbə endirsə, Çernobılda baş vermiş hadisələr İran və ətrafında da təkrarlanar" - Əfşar Süleymani
Yaxın Şərqdə vəziyyət getdikcə daha da pik həddə yüksəlir. Əvvəlcə İsrailin, daha sonra isə ABŞ-nin fevralın 28-dən müharibəyə qoşulması, həmin gün İranın ali dini lideri Ayətullah Əli Xameninin öldürülməsi Tehranda “qisas əməliyyatlarına” başlanmasına səbəb oldu.
Bunun qarşılığında İran müxtəlif ölkələrdə yerləşən Amerikaya məxsus hərbi bazalara zərbələr endirməyə başladı. İndi isə İran hakimiyyətində vəzifəli dövlət xadimlərinin olduğu məkanlara zərbələr endirilir. Müharibə başlayandan bu yana İsrail İranda müxtəlif obyektlərə, hətta 170-dən çox şagirdin həlak olması ilə nəticələnən ibtidai sinif qızlar məktəbinə də zərbə endirib.
Dünən isə İsrailin endirdiyi zərbələrdən biri İranın ilk və ən mühüm mülki nüvə enerji obyekti olan Buşehr Atom Elektrik Stansiyasının yaxınlığındakı əraziyə düşüb. İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin yaydığı məlumata görə, stansiyaya ziyan dəyməyib, xəsarət alan da olmayıb. Zərbədən sonra ərazidə radiasiya səviyyəsi də normal olaraq qalıb. Bu obyektin İran üçün əhəmiyyətli olduğu bildirilir.
Sözügedən obyektə zərər dəyərsə, regionu hansı təhlükələrin gözləyə biləcəyi və müharibə şəraitində atom obyektlərinin hədəf alınmasına beynəlxalq təşkilatların necə reaksiya verəcəyi suallar altındadır…
Bu barədə İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Patrul.az-a fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Buşehr Atom Elektrik Stansiyasına zərbə endirilməsi İsraillə sıx əlaqələr quran dövlətlərə və onların maraqlarına da mənfi təsir göstərə bilər.
Ə. Süleymani bu amilləri nəzərə alaraq bildirib ki, İsrailin sözügedən stansiyanı hədəfə alma ehtimalı azdır:
“Güman etmirəm ki, İsrail oraya zərbə endirsin. Çünki ora vurulsa, regionda Çernobılda baş vermiş bənzər hadisələr özünü göstərər. Yəni, havadakı radiasiya şüaları İran ərazisini və o cümlədən bütün Fars körfəzini bürüyə bilər”.

Sabiq səfir qeyd edib ki, bu məsələdə İsrailin qarşısını alan amillərdən biri də stansiyada çoxlu sayda rusiyalı mütəxəssislərin fəaliyyət göstərməsidir:
“Burada Rusiyanın da maraqları var. Çoxlu sayda rusiyalı mütəxəssislər işləyir. Moskva ilə İsrail arasında da yaxın münasibətlər mövcuddur. Ona görə də güman etmirəm ki, buraya zərbə endirsinlər”.
Ə.Süleymaninin sözlərinə görə, müharibə şəraitində hər hansı atom stansiyasına zərbə beynəlxalq səviyyədə, xüsusilə də BMT çərçivəsində fəaliyyət göstərən qurumlar tərəfindən qəbul edilməz:
“Ekoloji təhlükələrlə yanaşı, beynəlxalq hüquq məsələsi də burada mühüm rol oynayır. Düzdür, ABŞ Prezdenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu üçün beynəlxalq hüquq, o cümlədən insan haqları önəmli deyil. Buna baxmayaraq, Birləşmiş Millətlər Təşkilatının tərkibində atom enerjisi üzrə beynəlxalq agentlik mövcuddur.
Həmçinin bu hadisədən təsirlənə biləcək ərəb ölkələrindən Bəhreyn və BƏƏ-nin İsraillə münasibətləri son dövrlərdə yaxınlaşıb. Bütün bunları nəzərə alaraq düşünürəm ki, İsrail Buşehr Atom Elektrik Stansiyasını hədəfə almaz”.
Gülbəniz Səfərova






