İsrail Qəzzaya yardım aparan 28 türk vətəndaşı olan gəmiləri ələ keçirdi - VİDEO
İsrail Hərbi Dəniz Qüvvələri Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Flotillası donanmasını ələ keçirib.
Patrulaz.az “Anadolu Ajansı”na əsasən xəbər verir ki, oktyabrın 2-də gecə saatlarında Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Flotillasına İsrail “dayan” əmrini verib.
Buna cavab olaraq donanma iştirakçılarından biri İsrailin beynəlxalq sularda olanları saxlamasına ixtiyarının olmadığını bildirib:
“Sizin səlahiyyətiniz yoxdur, biz beynəlxalq sulardayıq. Yenə deyirəm, siz səksən ildir Fələstin xalqına qarşı soyqırım və etnik təmizləmə həyata keçirirsiniz. Bu, beynəlxalq hüquqa tamamilə ziddir. Yenə də biz beynəlxalq sulardayıq, sizin bu suların üzərində heç bir səlahiyyətiniz yoxdur. Biz Fələstin ərazilərinə doğru irəliləyirik, hətta siz onları işğal edə biləcəyinizi düşünsəniz belə”.
İsrailin gəmini ələ keçirməsindən əvvəl Donanmanın üzvü Hüsamettin Eyüpoğlu bildirib ki, gəmini dayandırmaq üçün üzərinə su töküblər:
“Onlar gəmini dayandırmağı tələb etdilər və su tökdülər. Amma biz mühərriki söndürməyəcəyik. Biz Qəzzaya yolumuza davam edəcəyik”.
Məlumatlara görə, İsrail əsgərləri bundan sonra ümumilikdə 17 gəmiyə müdaxilə edib və 28-i türk olmaqla 201 fəalı saxlayıb.
İsrail Xarici İşlər Nazirliyi sərnişinlərin İsrailə aparılacağını və Avropaya deportasiya prosedurlarına başlanacağını açıqlayıb.
Silahlı əməliyyat Sumud Donanması ilə yanaşı, əvvəl bölgəyə hərəkət edən Azadlıq Donanmasına qarşı da həyata keçirilib. Hazırda donanma İsrail gəmiləri tərəfindən mühasirədədir və əməliyyatlar davam edir.
Gülbəniz Səfərova






