İstismara yararsız avtobuslar hələ də xəttə buraxılır - VİDEO
Patrul.az media şirkətinin rəhbəri Səməndər Niftəliyev yazır:
“Qaynar xəttimizə göndərilən videogörüntülərdə 206 nömrəli marşrut xəttinə məxsus avtobusda yağışlı havalarda dam hissəsindən suların birbaşa salonun içinə axdığı açıq şəkildə görünür. Görüntülərdən aydın olur ki, avtobusun dam örtüyü artıq istismar müddətini başa vurub, texniki cəhətdən sıradan çıxıb və istifadəyə yararsız vəziyyətə düşüb.
Bu vəziyyət sərnişinlər üçün həm narahatlıq, həm də təhlükə yaradır. Yağış sularının avtobusun içinə tökülməsi gigiyenik normaların pozulması ilə yanaşı, elektrik sistemləri baxımından risk yaradır və sürüşmə təhlükəsini artırır. Buna baxmayaraq, bu cür avtobusların hələ də xəttə buraxılması ciddi suallar doğurur.
Əsas məsələ ondan ibarətdir ki, sərnişinlər gediş haqqını tam və vaxtında ödədikləri halda, niyə istismara yararsız, köhnə və texniki baxımdan təhlükəli avtobuslarla hərəkət etməyə məcbur qalırlar. Marşrut xətlərini idarə edən şirkətlərin əksəriyyətinin yenilənməyə getməməsi və avtobus parkını təkmilləşdirməməsi cəmiyyət tərəfindən haqlı narazılıqla qarşılanır.
Marşrut xətlərinin gəlir əldə etməsi sərnişinlərin rahatlığı və təhlükəsizliyi hesabına olmamalıdır. Xidmət göstərən şirkətlər daşıdıqları məsuliyyəti dərk etməli, köhnə və yararsız nəqliyyat vasitələrini istismardan çıxarmalıdır. Aidiyyəti qurumların da bu məsələyə nəzarəti gücləndirməsi və sərnişinlərin hüquqlarının qorunması istiqamətində real addımlar atması vacibdir.”






