media-inshot_20260219_142343648

Bəzi kənd təsərrüfatı məhsullarının ixracı artıb. Lakin daxili bazarda qiymətləri kifayət qədər yüksəkdir. Həm ixracın artması, həm də yerli satışda bolluğun müşahidə edilməsi məhsuldarlığın yüksək olması kimi qiymətləndirilir. Bəs bütün bunların paralelində bahalılıq niyə davam edir? Bunun tənzimlənməsi necə olmalıdır?

Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib ki, kənd təsərrüfatı məhsullarının ixracının artması və bazarda bolluq müşahidə olunması avtomatik olaraq qiymətlərin enməsi demək deyil:

“Hərgah ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının təxminən yarıdan çoxu idxal hesabına qarşılanır. Üstəgəl, aqrar sahədə son illər məhsuldarlıq azalır, nəyinki artır.

Bununla belə qiymət formalaşmasına təkcə istehsal həcmi deyil, həm də maya dəyəri, logistika xərcləri, yanacaq, gübrə, toxum, kredit faizləri və əməkhaqqı kimi amillər təsir göstərir. Əgər istehsal xərcləri yüksəlibsə, məhsuldarlıq artsa belə, qiymətlər aşağı düşməyə bilər.

Digər mühüm amil ixracın cəlbediciliyidir. Əgər xarici bazarda qiymətlər daha sərfəlidirsə, istehsalçı məhsulunu ixraca yönəldir. Bu halda daxili bazarda təklif nisbi olaraq azalır və qiymətlər yüksək qalır. Xüsusilə mövsümi məhsullarda bu daha aydın görünür. Yerli bazarda bolluq olsa belə (əslində piştaxtada məhsulun olması hələ bolluq əlaməti deyil), məhsulun keyfiyyət kateqoriyaları fərqli olur və ixraca daha keyfiyyətli hissə göndərildikdə daxildə təklif strukturu dəyişir”.

media-inshot_20260219_142035968

İqtisadçı bundan əlavə qeyd edib ki, vasitəçilik zəncirinin uzunluğu da qiymət artımına səbəb olur:

“Fermerlə son istehlakçı arasında bir neçə topdansatış və pərakəndə mərhələ olduqda hər mərhələdə əlavə marja tətbiq olunur. Bəzi hallarda bazarda rəqabətin zəif olması və ya koordinasiyalı qiymət davranışları da bahalılığı gücləndirə bilir, Logistika və saxlama infrastrukturunun zəifliyi, xüsusilə soyuducu anbarların çatışmazlığı mövsümdənkənar dövrdə qiymət sıçrayışlarına səbəb olur.

Tənzimləmə inzibati qiymət məhdudiyyətləri ilə deyil, struktur tədbirlərlə aparılmalıdır. İstehsal xərclərinin azaldılması üçün subsidiya və güzəştli kredit mexanizmlərinin daha hədəfli tətbiqi, logistika və saxlama infrastrukturuna investisiyaların artırılması, kənd təsərrüfatı kooperasiyalarının inkişafı vacibdir. Rəqabət mühitinin gücləndirilməsi və vasitəçilik zəncirinin qısaldılması da qiymət sabitliyinə kömək edə bilər”.

“Eyni zamanda ixrac və daxili bazar arasında balansın qorunması üçün çevik ixrac siyasəti tətbiq oluna bilər ki, daxili tələbat kəskin təzyiq altında qalmasın.

Uzunmüddətli perspektivdə əsas həll məhsuldarlığın dayanıqlı artımı, emal sənayesinin inkişafı və bazar mexanizmlərinin şəffaf işləməsidir. Bu halda həm ixrac artımı davam edə, həm də daxili bazarda qiymət sabitliyi təmin oluna bilər”, – deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər