"Kartdan karta ödənişlə kassadan kənar satış edən sahibkarlara mərhələli şəkildə min, üç min və 6 min manat vergi cəriməsi tətbiq olunur" - Hüquqşünas
Son illərdə ölkədə nağdsız ödənişlərin artırılması və şəffaf iqtisadiyyatın təşviqi məqsədilə bank kartları vasitəsilə edilən əməliyyatlara nəzarət gücləndirilib. Xüsusən də mütəmadi və iri məbləğli pul köçürmələri vergi orqanlarının diqqətində ola bilər. Bu, avtomatik olaraq hər əməliyyata vergi və ya cərimə tətbiq ediləcəyi anlamına gəlmir, lakin bu cür əməliyyatlar gəlir mənbəyinin müəyyənləşdirilməsi üçün yoxlanıla bilər.
Kartla mütəmadi və iri məbləğli pul köçürmələri edən və ya qəbul edən şəxslər üçün bu əməliyyatlar vergi və ya cərimə ilə nəticələnə bilərmi?
Bu barədə Hüquqşünas Ramil Süleymanov Patrulaz.az – a açıqlamasında bildirib ki, kartdan karta ödənişlə kassadan kənar satış edən sahibkarlara mərhələli şəkildə 1 000, 3 000 və 6 000 manat vergi cəriməsi tətbiq olunur:
“Bizdə kartdan karta, o cümlədən müəyyən əməliyyatlar zamanı pul köçürülməsi adi haldır. Kartından pul köçürməklə həmin əşyayı (məhsulu/xidməti) əldə edən şəxsə qarşı ayrıca sanksiya nəzərdə tutulmayıb. Lakin Vergi Məcəlləsində bu cür hallarla bağlı vergi sanksiyaları mövcuddur. Qeyd edim ki, xidmət göstərən və ya mallarını satan vergiödəyiciləri nağdsız və ya nağd şəkildə pulu qəbul edib kassaya vurmadan, ümumiyyətlə kartdan karta ödənişlər vasitəsilə satış həyata keçirdikdə, ildə tətbiq edilən vergi sanksiyaları belədir: birinci dəfə – 1 000 manat, ikinci dəfə – 3 000 manat, üçüncü dəfə – 6 000 manat”.
R. Süleymanov vurğulayıb ki, iri dövriyyəli kartlarda vergidən yayınma aşkarlanarsa, məsələ hüquq-mühafizə orqanlarına və istintaqa yönləndirilə bilər:
“Zaman-zaman ciddi və iri dövriyyəli hesab olunan kartlar və onların sahibləri hüquq-mühafizə orqanlarına dəvət olunur və həmin şəxslərdən müvafiq izahat tələb edilir. Əgər vergidən yayınma faktı müəyyən olunarsa və bunun ciddi nəticələri ehtimal edilərsə, toplanmış materiallar əsasında məsələ araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna və ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tabeliyində olan Vergi Cinayətlərinin İbtidai İstintaq İdarəsinə göndərilə bilər”.
Cəmilə Cəfərzadə






