media-wyzduhxkvvgwzrwz7tfoxjvfzbdda5k-iuh4kbk95uclrhax4pglulcfl4k4oozfpaudg9jgiqw-fqm02u-7ooabpxiahtpku9ot5d5lfchuylo1xxgj5sjw_oev25atwmekqam6wjdzzsgalilbkgdwg0hkkkwksyqugn1fhfrd8fbgopc54ieepwhcihcf

Son illərdə kirayə mənzil bazarında müşahidə olunan qiymət artımı həm kirayəçilərin, həm də ev sahiblərinin diqqət mərkəzindədir. Qiymətlərdə mövsümdən asılı olaraq müəyyən dəyişiklik olsa də, ciddi ucuzlaşma müşahidə olunmur.

Bəs kirayə bazarında bahalaşma nə vaxta qədər davam edə bilər və mənzil kirayələmək üçün ən sərfəli dövr hansı zamandır?

Mövzu ilə bağlı Patrul.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanın kirayə mənzil bazarında son illərdə qiymət artımının əsas səbəbləri şəhərləşmənin sürətlənməsi, Bakıya daxili miqrasiyanın davam etməsi, tələbələrin paytaxta axını, yeni tikilən mənzillərin qiymətlərinin yüksəlməsi və inflyasiya amilləridir:

“Bu faktorlar kirayə bazarında tələbi yüksək saxlayır və qiymətlərin kəskin enməsinin qarşısını alır.

Kirayə bazarında bahalaşmanın yaxın perspektivdə tam dayanacağı gözlənilmir. Əgər yeni yaşayış binalarının sayı və bazara çıxarılan kirayə mənzillərin həcmi tələbi üstələməzsə, qiymətlər ən yaxşı halda sabitləşə bilər. Əks halda, xüsusilə paytaxtın mərkəzi rayonlarında və metro stansiyalarının yaxınlığında qiymət artımı davam edə bilər. Bununla yanaşı, iqtisadi artım, əhalinin gəlirləri, ipoteka şərtləri və tikinti sektorundakı proseslər də kirayə bazarına birbaşa təsir göstərir.

Kirayə qiymətləri il ərzində mövsümi dəyişikliklərə də məruz qalır. Ən yüksək qiymətlər adətən avqustun sonu və sentyabr aylarında müşahidə olunur. Bunun əsas səbəbi ali məktəblərə qəbul olunan tələbələrin, yeni işə başlayan şəxslərin və yay mövsümündən sonra Bakıya qayıdan insanların kirayə mənzil axtarmasıdır. Bu dövrdə tələbin artması ev sahiblərinə qiymətləri yüksəltmək imkanı verir və seçim imkanları da azalır”.

media-img-20260603-wa0001

İqtisadçı nisbətən sərfəli dövrün adətən dekabrın sonundan fevral ayına qədər olan müddət hesab edildiyini söyləyib:

“Bu aylarda bazarda aktivlik zəifləyir, tələb azalır və bəzi ev sahibləri mənzilin boş qalmaması üçün qiymətdə endirimə getməyə və ya kirayə şərtlərində güzəşt etməyə daha meylli olurlar. Eyni zamanda, may və iyun aylarında da müəyyən mənzillər bazara çıxarıldığı üçün münasib variant tapmaq mümkündür, lakin bu dövr qış ayları qədər əlverişli hesab edilmir.

Kirayə mənzil axtaran şəxslər üçün yalnız qiymətə deyil, müqavilə şərtlərinə də diqqət yetirmək vacibdir. Bəzən bir qədər yüksək qiymətə təklif olunan mənzildə kommunal xərclərin daxil olması, uzunmüddətli sabit qiymət razılaşmasının əldə edilməsi və ya əlavə depozit tələb olunmaması ümumi xərcləri azalda bilər. Buna görə seçim edərkən aylıq kirayə haqqı ilə yanaşı, bütün maliyyə şərtlərini müqayisə etmək daha məqsədəuyğundur”.

“Ümumilikdə, mövcud iqtisadi şəraitdə kirayə bazarında qiymətlərin qısa müddətdə ciddi ucuzlaşacağına dair güclü əsaslar görünmür. Ən real ssenari qiymət artımının tempinin zəifləməsi və bəzi dövrlərdə bazarın sabitləşməsidir. Mənzil kirayələmək istəyənlər üçün isə ən sərfəli vaxt adətən qış ayları hesab olunur. Bu dövrdə həm seçim etmək, həm də qiymət və şərtlərlə bağlı ev sahibi ilə razılaşmaq imkanları nisbətən daha geniş olur”,- deyə o, fikirlərini tamamlayıb.

Ləman Sərraf


Bənzər xəbərlər