“Korrupsiya elə bir məsələdir ki, bu sadəcə hökuməti deyil, bütövlükdə cəmiyyəti də ruhdan salır“ - ŞƏRH
“Korrupsiya elə bir məsələdir ki, bu sadəcə hökuməti deyil, bütövlükdə cəmiyyəti də ruhdan salır. Sözügedən neqativ məfhum habelə siyasətin formalaşdırılması və onun həyata keçirilməsi üzrə bütün səyləri zəiflədir, icra edilən nəticəyönümlü işə də kölgə salır. Xidmətlərin azalması aydın məsələdir, lakin korrupsiya cəmiyyətin qanuni gözləntilərini korlayır ki, bu da ən çox etibarı və inamı sarsıdır. Belə olan halda hökumətlə cəmiyyət arasında dərin uçurum yaranır”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, korrupsiya müxtəlif forma və növlərdə, kontekstlərdə rast gəlinsə də bu, elə bir zəncirvari məsələdir ki, ona qarşı daxili səylərin göstərilməsi kifayət deyil:
“Qloballaşan və bir o qədər də kiçilən dünyada bu, qlobal səylər və onların bir araya gətirilməsini tələb edir. Bu koordinasiyalı iş cəmiyyətin, dövlətin və ideal olaraq bəşəriyyətin fəaliyyətini yaxşılaşdıra bilər. İlk növbədə korrupsiyanın mahiyyətini, yerini və kontekstini dəqiq müəyyən etmək lazımdır. Bunun insan davranışından irəli gələn səbəbləri tapılmalı, nəticələri dəqiq təhlil edilməli, fəaliyyət planları ictimaiyyətə aydın şəkildə açıqlanmalıdır. Beynəlxalq hüququn diktə etdiyi amillər, texnologiya təminatı, resurslara və informasiyaya əlçatanlıq selektiv deyil, zəruri olmalıdır”.

Deputat bildirib ki, korrupsiyaya qarşı mübarizə istiqamətində əldə edilən uğur cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin bütün sahələr üzrə həyata keçirdiyi və nail olduğu uğurlarla üzvi şəkildə bağlıdır:
“Bu baxımdan da dövlət başçımız BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində 6-cı Plenar iclas iştirakçılarına müraciət ünvanlayarkən bu günə qədər daxili və xarici siyasətdə keçdiyimiz yol haqqında önəmli məsələlərə toxundu. Onu da xüsusilə vurğulayım ki, belə həssas bir məsələ ilə bağlı əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi isə qəti təsadüf deyil, bu, birmənalı bizə göstərilən etimad və etibardır.
Ümumi antikorrupsiya strategiyası çərçivəsində konkret məqsədlərə nail olmaq üçün ardıcıllıq, prinsipiallıq və birgə səy müəyyən edilməlidir. Burada ümumi iradə də olmalıdır. Azərbaycan hökuməti korrupsiyaya qarşı ardıcıl, prinsipial iş həyata keçirir. Cəmiyyətimizin bütün təbəqələrini əhatə edən milli fəaliyyət planı paytaxtımızla yanaşı, bütün regionları, dövlət və hökumət agentliklərini əhatə edir. Dövlətimizin müəyyənləşdirdiyi konkret və ətraflı fəaliyyət planı qanuni çərçivə rolunu oynayır. Bu istiqamətdə Azərbaycanın atdığı addımlar beynəlxalq fəaliyyət planı baxımından korrupsiya fəaliyyətinin mahiyyətinin, növlərinin dəqiq təsnifatı və səciyyələndirilməsinə töhfə verə bilər. Azərbaycanın bu istiqamətdə keçdiyi yol məqsədyönlü antikorrupsiya tədbirlərinin işlənib hazırlanması və dizaynı baxımından önəmli yol xəritəsidir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar çərçivəsində instituonal, struktur və kadr islahatları öz müsbət nəticəsini verir. Müasir dünyanın gətirdiyi çağırışlarla ayaqlaşan Azərbaycan qabaqlayıcı addımlar ataraq müxtəlif regionların ölkələri ilə ikitərəfli və çoxtərəfli kontekstdə sənədlər imzalayarkən müdafiə və təhlükəsizlik, habelə informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq, kibercinayətkarlıqla mübarizə sahələri üzrə əlaqələri fəallaşdırmağa önəm verir. Qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması dövlətimiz üçün prioritet məsələdir”.
Ləman Sərraf






