Kreditlə ev almaq istədi, 3400 manatını itirdi
Bakının Sabunçu rayonunda ev almaq istəyən şəxs dələduzluqla üzləşib.
Patrul.az “Demokrat.az-a istinadən xəbər verir ki, Bərdə rayon sakini, 1988-ci il təvəllüdlü Rasim İsmayılov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə kreditlə ev almaq istəyən şəxsi aldadıb.
İsmayılov bu işdə təcrübəsi olduğunu bildirərək zərərçəkmişin etibarını qazanıb. O, kreditlə ev alanların növbə siyahısında guya zərərçəkmişin adını önə çəkdirəcəyini vəd edərək onu aldadıb.
Yalan vədlər verən İsmayılov 2025-ci ilin müxtəlif vaxtlarında zərərçəkmişdən ümumilikdə 3400 manat alaraq ona qarşı dələduzluq edib.
Zərərçəkmiş şəxsin şikayəti əsasında İsmayılov barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və barəsində olan cinayət təqibinə amnistiya aktı tətbiq edilməklə xitam verilməsini xahiş edib.
Zərərçəkmiş şəxs də ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını bildirib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Rasim İsmayılov barəsində amnistiya aktı tətbiq edilib və o, cinayət məsuliyyətindən azad olunub.
Həmçinin İsmayılov barəsində seçilmiş polisin nəzarətinə vermə qətimkan tədbiri ləğv edilib.






