media-inshot_20251201_170942357

“Laçının işğaldan azad edilməsindən beş il ötür. Bu müddət həm Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı, həm də regionda geosiyasi reallıqların tam dəyişməsi ilə xarakterizə olunur. Laçının azadlığı 44 günlük Vətən müharibəsinin ən mühüm nəticələrindən biri olmaqla, ölkəmizin suverenliyinin tam bərpası üzrə strateji qələbə kimi xüsusi əhəmiyyət daşıyır”.

Bu sözləri Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva Laçının azad olunmasından 5 illiyi münasibəti ilə təəssüratlarını bölüşərkən deyib.

Deputat bildirib ki, Laçının azad olunmasının beş ili ölkəmizin hərbi-siyasi gücünü təsdiqləyərək regionda yeni sülh, təhlükəsizlik və inkişaf mərhələsinin əsasını qoydu:

“Beş il əvvəl əldə edilən bu Zəfər ölkəmizin hərbi-siyasi qüdrətinin təsdiqi olmaqla yanaşı, regionda sülhün və təhlükəsizliyin təmin edilməsində həlledici dönüş yaratdı. Laçın Ermənistanın Azərbaycanın qərb rayonları ilə Naxçıvanı ayıran, eyni zamanda Qarabağ bölgəsinə açılan əsas strateji qovşaqlardan biri kimi xüsusi əhəmiyyətə malik idi. Rayonun 1992-ci ildə işğalı təkcə hərbi baxımdan deyil, həm də geosiyasi və demoqrafik cəhətdən ağır nəticələr doğurmuşdu. 2020-ci ildə Laçının ölkəmizə qaytarılması isə Azərbaycanın dövlətçilik maraqlarının tam təmin olunması, regionda yeni güc balansının formalaşması və beynəlxalq hüququn üstünlüyünün bərpası demək idi. Bu hadisə həm də Ermənistan-Azərbaycan münaqişəsinin tarixində ilk dəfə real sülh perspektivlərini gündəmə gətirdi. Beş il ərzində Laçında aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri postmünaqişə dövründə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Şəhərin Baş planının hazırlanması, yeni yol və enerji infrastrukturlarının qurulması, elektrik stansiyalarının inşası, su və kommunikasiya şəbəkələrinin yenilənməsi, kəndlərin mərhələli şəkildə bərpası dövlətimizin bölgəyə dönüş strategiyasının tərkib hissəsidir”.

media-img-20251201-wa0121

M. Vəliyeva Laçının beş illik azadlığı Azərbaycanın gücünü və bölgədə yaratdığı yeni təhlükəsizlik nizamını nümayiş etdirdiyini vurğulayıb:

“Bu gün Laçın yalnız azad edilmiş ərazi deyil, həm də “Böyük Qayıdış” proqramının uğurla həyata keçirildiyi nümunəvi məkandır. Artıq ilk sakinlərin qayıtması, sosial obyektlərin istifadəyə verilməsi və iqtisadi fəaliyyətin bərpası bu siyasətin real nəticələridir. Laçının beş illik azadlıq tarixi həm də regional təhlükəsizlik konfiqurasiyasının dəyişməsini göstərir. 2020-ci ildən sonra Azərbaycan regionda əsas siyasi aktora çevrilərək öz milli maraqlarını tam təmin edən yeni təhlükəsizlik arxitekturasını formalaşdırdı. Ermənistanın işğal siyasətinə son qoyulması həm Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, həm də Cənubi Qafqazda uzun illər davam edən qeyri-müəyyənliyi ortadan qaldırdı. Bu gün Laçın bölgəsi sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi, regiondaxili nəqliyyat əlaqələrinin bərpası və Azərbaycanın strateji dayanıqlığının artırılması baxımından mühüm rol oynayır.Laçının azad olunmasının beşinci ildönümü bir həqiqəti bir daha təsdiqləyir: Azərbaycanın gücü milli birliyindən, siyasi sabitliyindən, dövlətçilik iradəsindən və güclü ordusundan qaynaqlanır. Bu qələbə təkcə hərbi üstünlüyün göstəricisi deyil, həm də xalqın əzmini, milli həmrəyliyi və tarixi ədalətə olan sarsılmaz inamını ifadə edir. Bu gün Laçında dalğalanan üçrəngli bayrağımız təkcə rayonun deyil, bütün Azərbaycanın qürur simvoluna çevrilib”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər