media-46a3c900-5428-11f1-9a06-e9b999966857-jpg

Litva səmasında şübhəli pilotsuz uçuş aparatına (PUA) bənzər naməlum obyektin təsbit edilməsi ölkədə ciddi təşvişə və fövqəladə tədbirlərin görülməsinə səbəb olub.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk olaraq sərhədyanı İgnalina, Utena, Zarasai və Şvençionis rayonlarında şübhəli obyektlə bağlı “sarı” təhlükə səviyyəsi elan edilib. Lakin sonradan PUA-nın paytaxt istiqamətinə irəliləməsi ehtimalı nəzərə alınaraq, dərhal ən yüksək – “qırmızı” həyəcan siqnalı işə salınıb.

Təhlükə xəbərdarlığı fonunda yerli vaxtla saat 10:20 radələrində sakinlərin mobil telefonlarına təcili SMS bildirişləri göndərilib və onlardan sığınacaqlara keçmələri tələb olunub.

Hadisə zamanı Litva Prezidenti Gitanas Nauseda, Baş nazir İnqa Ruqiniene, Seymin (Parlament) sədri və deputatlar dərhal yeraltı sığınacaqlara (bunkerlərə) təxliyə ediliblər. Seymin Xarici İşlər Komitəsinin iclası da sığınacaqda davam etdirilib.

Yaranmış təhlükə səbəbindən Vilnüs Beynəlxalq Hava Limanı uçuşlar üçün tamamilə bağlanıb. Havada olan mülki təyyarələr, o cümlədən “Türk Hava Yolları” (THY) və SAS şirkətlərinə məxsus reyslər qonşu Latviyanın paytaxtı Riqa və Polşadakı hava limanlarına yönləndirilib.

Eyni zamanda, paytaxtda qatar və digər ictimai nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Havada preventiv tədbirlər görmək və obyekti zərərsizləşdirmək məqsədilə NATO-nun Baltik Hava Məkanının Mühafizəsi missiyasına məxsus qırıcı təyyarələr təcili olaraq havaya qaldırılıb. Lakin hərbi rəsmilərin məlumatına görə, şübhəli hədəf saat 11:09-da radarlardan itib. Obyektin başqa ölkənin hava məkanına keçdiyi və ya qəzaya uğradığı hələlik məlum deyil. Qırıcı təyyarələr obyekti vizual olaraq aşkar edə bilməyiblər.

Vəziyyətin normallaşmasından sonra, təxminən saat 11:00 radələrində həyəcan siqnalı ləğv olunub və hava limanı fəaliyyətini yenidən bərpa edib.

Xatırladaq ki, son günlər Baltikyanı regionda analoji insidentlərin sayı kəskin artıb. Belə ki, mayın 17-də Latviyada bənzər dron həyəcanı yaşanıb, mayın 19-da isə Estoniya səmasında NATO qırıcısı tərəfindən ilk dəfə rəsmi olaraq PUA vurulub.

Gülbəniz Səfərova 


Bənzər xəbərlər