“Macarıstan Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir” - DEPUTAT
“Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur. Bakı ilə Budapeşt arasında siyasi əlaqələr hər zaman yüksək səviyyədə olub. Siyasi əlaqələrin inkişafı bütün başqa sahələrə də müsbət təsir göstərir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Macarıstan hər zaman Aİ perspektivindən Azərbaycana baxdıqda sabit, uğurlu inkişafını təmin etmiş ölkəni gördüyünü bəyan edir və bunu Şərqlə Qərb arasında uzunmüddətli əməkdaşlığa verilən töhfə ilə əlaqələndirir”.
Bu fikirləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib.
Deputat xatırladıb ki, bu vaxta qədər ölkələrimiz arasında 50-dən çox sənəd imzalanıb:
“Tərəflər beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyir. Təsadüfi deyil ki, cari ilin aprelində dost Macarıstan Avropa İttifaqının Ermənistana 10 milyon avro dəyərində əlavə hərbi yardım ayırmasına veto qoyub.
Macarıstan həmin vəsaitin ayrılmasını da aylarla bloklayıb, oxşar yardımın Azərbaycana da verilməsini tələb edib.
Yeri gəlmişkən, Prezident İlham Əliyev də Avropa İttifaqına daxil olan ölkənin öz milli maraqlarını qətiyyətlə qorumasını əsl qəhrəmanlıq adlandırıb. Macarıstan bu gün Aİ məkanında kənar qüvvələrin macar cəmiyyətinə dağıdıcı təsir cəhdlərini qətiyyətlə neytrallaşdırmağı bacarmaqla fərqlənir.
Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə də tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazır olduqlarını bəyan ediblər. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunur.
Ölkələrimiz arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf müşahidə olunur. Xüsusilə enerji sahəsində Macarıstan Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu ölkənin baş naziri Viktor Orban da öz növbəsində bəyan etdi ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə – diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bu ölkənin yanında olub. Türk ölkələri olmasaydı, bu gün macar əhali enerjiyə 3-4 dəfə daha çox maliyyə sərf etməli olardı.
Macarıstan həm də Azərbaycanın neft yataqlarında paya malikdir. Rəsmi Budapeşt bunu təkcə iqtisadi baxımdan deyil, mənəvi baxımdan da vacib hesab edir. Belə ki, Viktor Orban da qeyd etdi ki, məhz bu dostluq sayəsində onun ölkəsi özünü daha az mürəkkəb və həssas vəziyyətdə hiss edir.
Azərbaycan ötən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb. Prezident İlham Əliyev Viktor Orbanla görüş zamanı da qeyd etdi ki, “biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək””.

Millət vəkili vurğulayıb ki, Azərbaycanla Macarıstan Türk Dövlətləri Təşkilatı çərçivəsində də uğurla əməkdaşlıq edir:
“Bu ölkə 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu alıb. Macarlar özlərini Hun hökmdarı Atillanın nəslindən hesab etdiyi üçün rəsmi Budapeştin sözügedən təşkilatda təmsil olunmağa tam haqqı çatır. Budapeştdə keçirilən TDT dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə rəqəmsallaşma, enerji əməkdaşlığı, eləcə də mədəni irsin qorunması sahəsində koordinasiyanın dərinləşdirilməsi təşəbbüsü bir daha dəstəkləndi. Yeri gəlmişkən, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bu il fəaliyyətə başlayacaq Türk İnvestisiya Fondunun da hədəfi iqtisadi birliyin möhkəmləndirilməsi, regiondaxili ticarəti genişləndirmək, iqtisadi fəaliyyətləri dəstəkləməkdən ibarətdir.
Qeyri-rəsmi zirvə görüşünün yekununda qəbul edilən, TDT-nin ümumi gələcəyini və strateji kursunu təsdiq edən Budapeşt Bəyannaməsi isə təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə zəmin yaradır”.
Ləman Sərraf






