"Maduronun həyat yoldaşı ilə birlikdə qaçırılması beynəlxalq hüquqa tamamilə ziddir" - Politoloq
“ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyat nəticəsində ölkə Prezidenti Nikolas Maduronun həyat yoldaşı ilə birlikdə qaçırılması beynəlxalq hüquqa və dövlətin suverenlik hüquqlarına tamamilə ziddir”.
Bunu Patrul.az-a politoloq Oqtay Qasımov Venesuelada ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Prezident Nikolas Maduro və onun həyat yoldaşı Cilia Floresin əsir götürülməsinə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, Maduro ölkəni ağır vəziyyətə salsa da, onun cəzası xarici müdaxilə ilə deyil, Venesuela xalqının özü tərəfindən verilməli idi:
“Maduro ölkədə diktatura rejimi qurmuş olsa da, Amerikanın iddia etdiyi kimi cinayətkar şəbəkə yaradıb narkotik ticarəti ilə məşğul olsa da, total repressiv idarəçilik tətbiq etsə və qeyri-legitim hesab edilsə belə, bütün bunlara baxmayaraq, bu əməliyyat beynəlxalq hüquqla uzlaşmayan və ona zidd olan bir addımdır”.
O. Qasımovun fikrincə, Tramp administrasiyasının Venesuelanın dövlət başçısını ölkəsindən əsir kimi aparması beynəlxalq hüquqa zidd olmaqla yanaşı, digər ölkələr üçün də təhlükəli presedent yaradır:
“Bu hadisə presedent kimi də qiymətləndirilə bilər. Belə ki, ABŞ-dən nümunə götürən bəzi ölkələr də öz qonşularına və ya maraqlarının olduğu dövlətlərə qarşı bu cür addımlar atmağa həvəslənə bilərlər. Bu isə beynəlxalq münasibətlər baxımından olduqca təhlükəli presedentdir”.

Şərhçi Maduronun hakimiyyəti dövründə yol verdiyi uğursuzluqlara da toxunub:
“Bütün hallarda Maduronun hakimiyyətdən devrilməsi Venesuela xalqının işi olmalı idi. Doğrudur, hazırda ölkədə onun gedişini bayram edən kifayət qədər insan var və bu da anlaşılandır. Çünki Maduro 12 illik hakimiyyəti dövründə ölkənin iqtisadi vəziyyətini ağırlaşdırdı, repressiyaları gücləndirdi, total nəzarəti artırdı və nəticədə Venesuelanı ciddi problemlərlə üz-üzə qoydu. Lakin bütün bunlara baxmayaraq, bu əməliyyat Venesuelanın suveren hüquqlarına və beynəlxalq hüquqa zidd bir addım kimi dəyərləndirilməlidir”.
Xatırladaq ki, yanvarın 3-də Venesuelanın paytaxtı Karakas şəhərində ABŞ Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat zamanı ölkə Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Cilia Flores saxlanılaraq Nyu-York şəhərinə aparılıblar. Onlar hazırda narkotik və silah qaçaqmalçılığı ilə bağlı irəli sürülən ittihamlar əsasında həbsdə saxlanılırlar. Bildirilir ki, onlara qarşı ittihamlar yanvarın 5-də Nyu-York məhkəməsində rəsmi şəkildə elan ediləcək.
Gülbəniz Səfərova






