Marsda həyatın mövcudluğuna dair yeni izlər tapıldı
ABŞ-nin Kosmik Agentliyi NASA Marsda həyatın mövcudluğunu sübut edə biləcək yeni kəşfini açıqlayıb.
Patrulaz.az “Yahoo” ya istinadən xəbər verir ki, Qırmızı Planetdə (Mars) aparılan son araşdırmalar nəticəsində “Sapphire Canyon” (Safir Kanyonu) adlanan qaya parçasında üzvi birləşmələr və su izləri aşkarlanıb. Alimlərin fikrincə, bu tapıntılar Marsda bir vaxtlar mikrobların mövcud olduğuna dair ən güclü sübut hesab olunur.
NASA alimlərinin “bəbir ləkələri” və “xaşxaş toxumu” adlandırdıqları qara işarələr qayanın üzərində müşahidə olunub. Onların qədim mikroorqanizmlərin fosil izləri ola biləcəyi ehtimal edilir. Perseverance roveri SHERLOC adlı yüksək dəqiqlikli alətlə bu nümunələri analiz edib və həyatın əsas tikinti bloklarından sayılan üzvi maddələr aşkar edib.
Qayada həmçinin suyun izlərini göstərən ağ damarlar, paslı palçıq qatları və dəmir-fosfat qarışıqları müəyyən edilib. Yer üzündə analoji nümunələr çox vaxt mikrobların qədim fəaliyyətinin nəticəsi kimi izah olunur.
NASA Administratorunun səlahiyyətlərini icra edən Şon Daffi aparılan araşdırma barəsində tədqiqatla bağlı ehtiyyat etdiklərini açıqlayıb:
“Bir ildən çox araşdırmadan sonra alimlər eyni ehtimala qayıdırlar. Bu, həyat ola bilər. Amma bildiyimiz həyat forması kimi deyil”,-deyə alim bildirib.
Görünən odur ki, tapılan faktlar üzrə də alimlər ehtiyatlı davranır. Onlar qeyd edirlər ki, müşahidə olunan izlər yalnız kimyəvi proseslərin nəticəsi də ola bilər. Nəticəni dəqiq təsdiqləmək üçün tapılan qaya nümunələrinin Yerə gətirilməsi planlaşdırılır. Lakin büdcə çətinlikləri səbəbindən bu missiyanın həyata keçirilməsi bir qədər vaxt ala bilər.
Tədqiqat üzrə NASA-nın elm işləri üzrə rəhbəri Nikki Foks da öz düşüncələrini qeyd edib:
“Marsda həyatın tam olaraq mövcud olub-olmadığını hələ bilmirik. Amma başqa planetdə bu qədər aydın izlərin üzə çıxması artıq özlüyündə böyük tarixi hadisədir”.
NASA alimləri bildirirlər ki, bu kəşf insanlığın ən böyük suallarından birinə – “Kainatda təkikmi?” cavab tapmağa bir addım da yaxınlaşdırır.







