Media orqanları şəxsi fotoları yayarkən nələrə diqqət etməlidir? Vəkil izah edir
Sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə şəxsi fotoların icazəsiz şəkildə xəbər saytları tərəfindən yayılması ciddi narahatlıq doğurur. Bir çox hallarda istifadəçilərin öz profilində paylaşdığı şəkillər onların razılığı olmadan media orqanları tərəfindən götürülərək yayımlanır və bu da şəxsi həyatın toxunulmazlığı ilə bağlı suallar yaradır. Bu cür hallar həm etik, həm də hüquqi baxımdan mübahisəli sayılır. Belə vəziyyətdə əsas məsələ budur: sosial şəbəkədə açıq şəkildə paylaşılan fotonun xəbər saytları tərəfindən icazəsiz istifadəsi qanun pozuntusu sayılırmı və vətəndaş bu halda hansı hüquqlara malikdir?
Bununla bağlı 30 saylı Vəkil Bürosunun vəkili Ramil Vəliyev Patrul.az-a öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, şəxsin icazəsi olmadan sosial şəbəkədəki fotosunun xəbər saytları tərəfindən yayılması onun şəxsi həyat hüququnun pozulması sayılır və bu halda vətəndaş həmin materialın silinməsini tələb edib, hüquqlarını məhkəmə yolu ilə müdafiə edə bilər:
“Hər bir şəxsin öz sosial şəbəkə hesabında şəkil paylaşmağı həmin şəkilin hər kəs tərəfindən sərbəst istifadə edilə biləcəyi mənasına gəlmir. Azərbaycan Respublikasının qanunvericiliyi şəxsin təsvirinin qorunmasını və şəxsi həyatın toxunulmazlığını təmin edir. Xəbər saytları və digər media qurumları vətəndaşın şəkillərini yayarkən onun hüquqlarına hörmət etməlidirlər. Şəxsin razılığı olmadan şəxsi şəkillərin dərc edilməsi bir sıra hallarda hüquq pozuntusu hesab edilə bilər. Xüsusilə şəxsi həyatla bağlı məlumatların və görüntülərin yayılması qanunla məhdudlaşdırılır. Vətəndaş belə hallarda paylaşımın saytdan silinməsini tələb etmək hüququna malikdir. O, həmçinin media orqanına rəsmi müraciət edərək pozuntunun aradan qaldırılmasını tələb edə bilər. Əgər müraciət nəticəsiz qalarsa, məhkəməyə müraciət etmək mümkündür. Məhkəmə qaydasında şəxsi həyat hüququnun pozulmasının tanınması tələb oluna bilər. Hüquq pozuntusu nəticəsində mənəvi zərər yaranıbsa, onun əvəzinin ödənilməsi də tələb edilə bilər”.
Vəkil qeyd edir ki, şəxsi məlumatların icazəsiz yayılması qanunla qadağandır və vətəndaş öz hüquqlarını sübutlarla müdafiə edib hüquqi vasitələrlə qoruna bilər:
“Bəzi hallarda şəxsi məlumatların qanunsuz emalı ilə bağlı məsuliyyət məsələsi də gündəmə gələ bilər. İctimai maraq doğuran hadisələrdə jurnalist fəaliyyətinə müəyyən istisnalar tətbiq olunsa da, bu istisnalar şəxsi həyatın əsassız müdaxiləsinə haqq qazandırmır. Xəbər saytları məlumat yayarkən şəxsin şərəf və ləyaqətini də nəzərə almağa borcludurlar. Hüquqları pozulan vətəndaş sübutları toplamalı və fotonun yayımlandığı səhifələri saxlamalıdır. Qanunvericilik vətəndaşlara şəxsi görüntülərinin qanunsuz istifadəsinə qarşı müdafiə olunmaq üçün kifayət qədər hüquqi vasitələr təqdim edir”.
Cəmilə Cəfərzadə






