Təhsildə süni intellektdən istifadə nəyə gətirib çıxarır? - RƏY
Süni intellekt texnologiyalarının məktəb təhsilinə inteqrasiyası son illərdə daha geniş vüsət almaqdadır. Bu texnologiyalar şagirdlərə məlumat əldə etmək və tapşırıqları daha sürətli yerinə yetirmək imkanı yaradır. Lakin mütəxəssislər bu prosesin şagirdlərin düşünmə və analiz etmə bacarıqlarına təsiri ilə bağlı müxtəlif fikirlər irəli sürürlər.
Bu səbəbdən məsələ təhsil sistemində yeni müzakirə mövzularından birinə çevrilib.
Ümumiyyətlə, təhsildə süni intellektdən faydalı yöndə istifadə etmək istiqamətində dərslər keçirilə bilərmi?
Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən təhsil üzrə mütəxəssis Aidə Əliyeva bildirib ki, məktəb tapşırıqlarında süni intellekt texnologiyalarının istifadəsi həm mühüm üstünlüklər, həm də müəyyən risklər vəd edir:
“Müsbət tərəflər kimi şagirdlərə mövzuları daha sadə və anlaşıqlı şəkildə izah edə bilməsini qeyd etmək olar. Bundan başqa süni intellekt araşdırma apararkən məlumat toplamağa və ideya formalaşdırmağa kömək edir edir və yazı, dil öyrənmə, riyaziyyat və digər fənlər üzrə əlavə dəstək rolunu da oynaya bilər. Həmçinin fərdi öyrənmə imkanı yaradır və şagird istədiyi qədər sual verə və izah tələb edə bilər,bu da vaxta qənaət edərək öyrənmə prosesini daha səmərəli edə bilər”.

Mütəxəssis məsələnin mənfi tərəflərinə də toxunub:
“Təbii ki, cavabları olduğu kimi köçürmək şagirdin müstəqil düşünmə və problem həll etmə bacarıqlarını zəiflədə bilər. Bəzi hallarda süni intellekt yanlış və ya natamam məlumat təqdim edə bilər. Eyni zamanda həddindən artıq asılılıq öyrənmə motivasiyasını və yaradıcılığı azalda və kademik dürüstlük problemlərinə, o cümlədən plagiata səbəb ola bilər.
Nəticə etibarilə, süni intellekt ev tapşırıqlarını şagirdin əvəzinə yerinə yetirən vasitə kimi deyil, mövzunu anlamağa, fikir formalaşdırmağa və biliklərini dərinləşdirməyə kömək edən bir köməkçi kimi istifadə olunduqda təhsil prosesinə müsbət töhfə verə bilər. Onun faydası əsasən istifadə üsulundan asılıdır”.
Ləman Sərraf






