media-photo-output

Son vaxtlar bir çox vətəndaş rəsmi banklardan əlavə, daha sürətli və sənədsiz xidmət göstərən bank olmayan kredit təşkilatlarına müraciət edir. Lakin ödənişlərdə gecikmə yarandıqda bəzi təşkilatların vətəndaşlarla kobud ünsiyyət qurması, onlara məhkəməyə müraciət etmədən hədə xarakterli mesajlar göndərməsi narazılığa səbəb olur. Bu cür davranışların hüquqi əsası olub-olmaması isə cəmiyyət arasında ciddi müzakirələrə yol açır.

Bəs bank olmayan kredit təşkilatlarının vətəndaşları məhkəmə qərarı olmadan hədələməsi qanunla nə dərəcədə uyğundur? Hüquqi baxımdan belə çağırışlar hansı məsuliyyəti yaradır?

Bu barədə vəkil Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki, vətəndaşların hədələnməsi qanunsuzdur və bu hallar birbaşa hədə-qorxu ilə tələb etmə cinayətini təşkil edir:

“Bank olmayan kredit təşkilatları tərəfindən vətəndaşların hədələnməsi qanunvericiliklə qəti şəkildə qadağandır və belə davranış həm mülki-hüquqi, həm inzibati, həm də ən ağır halda cinayət məsuliyyəti yarada bilər. “Bank olmayan kredit təşkilatları haqqında” Qanuna əsasən, BOKT-ların səlahiyyəti yalnız kreditlərin verilməsi və öhdəliklərin mülki hüquq çərçivəsində tələb edilməsi ilə məhdudlaşır. Bu təşkilatlar icra məmuru funksiyalarını həyata keçirə bilməz və borcun məcburi qaydada yığılması üçün heç bir xüsusi səlahiyyətə malik deyillər.

Borc könüllü qaydada qaytarılmadıqda yeganə hüquqi yol məhkəmə qərarıdır. Borcluya psixoloji, reputasiya və ya fiziki təzyiq göstərilməsi isə artıq hüquqi mübahisə deyil, qanun pozuntusu və hətta cinayət tərkibli əməl kimi qiymətləndirilir.

Bu baxımdan, Cinayət Məcəlləsinin 182-ci maddəsi xüsusi əhəmiyyət daşıyır və belə davranışların hüquqi sərhədlərini aydın şəkildə müəyyən edir. Borcluya və ya onun yaxınlarına zor tətbiq etmə, rüsvayedici məlumat yayma və ya əmlakını tələf etmə hədəsi ilə hər hansı əmlakın və ya əmlak hüququnun tələb edilməsi artıq “borc yığımı” deyil, hədə-qorxu ilə tələb etmə cinayətidir. Bu cinayətə görə:

  • 3 ildən 5 ilədək həbs (CM 182.1);
  • Təkrar törədildikdə və ya zor tətbiqi ilə müşayiət olunarsa 5 ildən 10 ilədək həbs (CM 182.2);
  • Mütəşəkkil dəstə ilə törədildikdə və ya ağır nəticələr baş verdikdə 10 ildən 15 ilədək həbs (CM 182.3);
  • Xüsusilə külli miqdarda tələblərdə isə 13 ildən 17 ilədək həbs (CM 182.4) nəzərdə tutulur.”

Vəkil əlavə edib ki, BOKT-ların vətəndaşları hədələməsi qanunsuzdur və belə hallar dərhal hüquq-mühafizə orqanlarına bildirilməlidir:

“Ali Məhkəmə Plenumunun 1998-ci il tarixli qərarında da vurğulanır ki, tələbin hədə məzmunu zərərçəkmişə çatdırıldığı andan cinayət tamamlanmış sayılır və borcun faktiki qaytarılıb-qaytarılmaması hüquqi qiymətə təsir etmir.

Son vaxtlar elektronika və məişət texnikası şəbəkələrinin BOKT yaratması geniş yayılıb və bu da istehlak kreditləri bazarında rəqabəti artırıb. Lakin BOKT-ların sayının çoxalması onlara qanundan kənar metodlarla borc toplamaq hüququ vermir. Əksinə, ictimai məsuliyyətləri daha da yüksəlir. Qanunvericilik tələb edir ki, bu qurumlar şəffaf fəaliyyət göstərsin, müştəriləri düzgün məlumatlandırsın və öhdəliklərin icrasını yalnız mülki-prosessual mexanizmlərlə təmin etsinlər.

Hər hansı psixoloji və ya fiziki təzyiq isə təkcə etik normaların pozulması deyil, həm də hüquqi məsuliyyət yaradan əməldir.

Beləliklə, vətəndaşların hədələnməsi nə BOKT-ların səlahiyyətinə daxildir, nə də onların iqtisadi maraqlarına uyğundur. Bu cür hallar cinayət əməli kimi qiymətləndirilir və hüquq-mühafizə orqanlarının müdaxiləsini tələb edir. Belə davranışlarla üzləşən şəxslərə dərhal ərazi prokurorluqlarına müraciət etmək tövsiyə olunur.”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər