"Mənə sevinmək düşmür" deyənlərin NƏZƏRİNƏ: Beyniniz sizə bu tələni qurur!
İnsan bəzən ən xoşbəxt anında belə içində səbəbini izah edə bilmədiyi bir narahatlıq hiss edir. Sanki hər şey yaxşı getsə də, beyin həmin xoşbəxtliyin uzun çəkməyəcəyindən ehtiyatlanır. Bu hiss normaldırmı, yoxsa insanın daxilindəki gizli qorxu və stresslərin göstəricisidir?
İnsan hər şey qaydasında olduğu, hətta özünü xoşbəxt hiss etdiyi anlarda belə niyə daxilində narahatlıq və gərginlik yaşayır?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Klinik psixoloq, Ailə Terapevti Samirə Rəhimova bildirib ki, narahat insan xoşbəxt anı yaşamaq əvəzinə, onu itirmək ehtimalını düşünərək gələcək qorxuları ilə yaşayır:
“Bu çox klassik bir durumdur. Narahat (təşvişli) insan indiki zamanda yox, gələcəkdə yaşayır. Ona görə də yaxşı bir şey baş verəndə onun beyni dərhal ssenarilər çevirməyə başlayır: «Bəs əgər bunu əlindən alsalar?», «Bu nə qədər davam edəcək?», «Sabah pisləşsə nə olacaq?». Nəticədə sevinmək əvəzinə, adam daha da gərginləşir”.

S. Rəhimova qeyd edir ki, keçmişdə sevincdən sonra ağrı yaşayan insanın beyni zamanla xoşbəxtliyi də təhlükə siqnalı kimi qəbul etməyə başlayır:
“Hətta bəzən, “Mənə sevinmək düşmür” kimi qəribə inanc da var. Bəzən belə bir təşvişli inancın kökü keçmiş təcrübədən qaynaqlanır. İnsanın həyatında sevincdən sonra həqiqətən ağrılı bir vəziyyəti olur. Məsələn, uşaqkən səni tərifləyiblər, amma bir az sonra səbəbsiz cəzalandırılıbsan. Yaxud xoşbəxtlik gəlib, ardınca itki gəlib. Beyin bu əlaqəni yadda saxlayır və indi hər sevincdə avtomatik olaraq təhlükə axtarır. Bu bir növ müdafiə mexanizmidir.
Nəticədə insan özünə tam sevinməyə icazə vermir, «bəs əgər» ssenarilərində yaşayır”.
Psixoloq vurğulayır ki, insan xoşbəxtlikdən qorxmamağı yalnız narahat düşüncələri tanıyıb, özünə təhlükəsiz şəkildə sevinməyə icazə verdikcə öyrənir:
“Birinci addım – bu mexanizmi tanımaq. İkincisi – hər dəfə xoşbəxtlik anında narahatlıq gələndə özünə sual vermək: “İndi bu saniyə mənə hansı real təhlükə var?” Yoxdur.
Üçüncüsü – qorxsan da, özünə kiçik sevinclər bəxş etmək və görmək ki, cəza gəlmir. Beyin tədricən öyrənir: xoşbəxtlik təhlükəsizdir”.
Cəmilə Cəfərzadə






