media-inshot_20251006_194013511

Son illər magistratura pilləsinə maraqda nəzərə çarpan azalma müşahidə olunur. Bu il keçirilən qəbul imtahanlarında iştirak edən tələbələrin sayı əvvəlki illərlə müqayisədə xeyli az olub və bir çox yerlər boş qalıb. Rəsmilər bunun səbəbi kimi məntiq fənninin bütün ixtisaslar üzrə eyni çətinlikdə olmasını göstərirlər,  bəs digər real səbəblər nə ola bilər?

Bu barədə Təhsil mütəxəssisi Vaqif Fətullayev Patrulaz.az-a açıqlamasında bildirib ki, son illər magistraturaya maraq azalır və 2025–2026-cı tədris ilində plan yerlərinin təxminən 20%-i boş qalıb. Proqramlar üzrə vəziyyət isə kəskin fərqlənir:

“Son illər magistratura pilləsinə maraqda müşahidə olunan azalma müzakirə doğuran məsələlərdən birinə çevrilib. Xüsusilə, 2025–2026-cı tədris ili üçün keçirilən qəbul imtahanlarının nəticələri bu tendensiyanı daha aydın şəkildə ortaya qoyub. Belə ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, cari ildə ixtisaslaşma seçimində cəmi 15 555 bakalavr iştirak edib, onlardan 13 446 nəfəri magistraturaya qəbul olunub. Qəbul planında ümumilikdə 16 848 yer nəzərdə tutulsa da, bu yerlərin yalnız 79,81%-i dolub, yəni təxminən 20% boş qalıb.

Proqramlar üzrə vəziyyət kəskin fərqlənir. Məsələn, standartlaşdırma və sertifikatlaşdırma, aviasiya təhlükəsizliyi, hüquqşünaslıq, musiqişünaslıq, idman, nəqliyyatda servis, aerokosmik mühəndislik, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə proqramlarda plan yerləri 100% dolub. Lakin burada mühüm məqam odur ki, bu proqramların əksəriyyətində yerlərin sayı az olub və onların dolması əvvəlcədən proqnozlaşdırılırdı. Əvəzində, soyuducu və kompressor maşınları, dəmiryol nəqliyyatı, mədən mühəndisliyi, kitabxanaçılıq, hava nəqliyyatı, silah sistemləri və xüsusi rabitə vasitələri mühəndisliyi, biotexnologiya kimi ixtisaslaşmalarda plan yerlərinin 70 faizdən çoxu boş qalıb. Bu fakt onu deməyə əsas verə bilər ki, həm həmin sahələrə marağın azalıb, həm də bu istiqamətlər üzrə hazırlıq və motivasiya yetərli səviyyədə deyil.

Universitetlər üzrə göstəricilərə baxdıqda da ciddi fərqlər müşahidə olunur. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Bakı Qızlar Universitetində plan yerləri tam dolub. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Dəniz Akademiyasında dolma faizi 90-dan yuxarı olub. Ən aşağı nəticə isə Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İlahiyyat İnstitutuna aiddir – burada plan yerlərinin cəmi 40 %-i dolub. Bu fərqlər göstərir ki, bir sıra ali məktəblər artıq cəlbediciliyini itirməkdədir və onların proqramları daha çox ixtisaslaşma, keyfiyyət və əmək bazarının real tələblərinə uyğunluq baxımından yenilənməlidir”.

media-inshot_20251006_192926999

V. Fətullayev bu il plan yerlərinin dolmaması həm statistik fərqi, həm də imtahan strukturundakı çağırışları, xüsusilə məntiq fənninin bütün ixtisaslara eyni çətinlikdə tətbiqini göstərdiyini vurğulayıb:

“Düşünürəm ki, bu il plan yerlərinin dolmaması təkcə statistik fərq yox, həm də müasir təhsildə qarşıya çıxan çağırışın siqnalıdır. İmtahanın məzmununa və strukturuna nəzər saldıqda, xüsusilə məntiq fənninin bütün ixtisaslara eyni çətinlikdə təqdim olunması məsələsi yenə aktuallığını qoruyur. Çox insan düşünür ki, humanitar ixtisaslar üzrə məzunlar məntiq tapşırıqlarının riyazi-analitik yönümünə uyğunlaşmaqda çətinlik çəkdiklərindən müəyyən qədər nəticələrdə fərqlər yaranır. Texniki ixtisaslarda isə əksinə, tələbələr nisbətən yüksək nəticə göstərirlər. Əslində isə bu məsələ təkcə testlərin çətinliyi ilə izah oluna bilməz. Bu yanaşma, mən belə düşünürəm ki, tam da düzgün deyil, yəni ən azı bu səbəb kifayət deyil məsələni tam izah etmək üçün. Burada bir neçə dərin sosial, psixoloji və institusional amil rol oynayır.

Birincisi, son illər əmək bazarının tələbləri dəyişib. Bir çox gənclər akademik karyera əvəzinə, daha sürətli gəlir gətirən peşələrə yönəlir. Magistratura təhsili isə, əsasən, uzunmüddətli və nəzəri yönümlü olduğu üçün praktiki yönlü sahələrdə çalışan gənclər üçün cazibədarlığını müəyyən qədər itirib.

İkincisi, bəzi ixtisaslarda magistr diplomunun əlavə üstünlük yaratmaması və əmək bazarında maaş fərqinin hiss olunmaması tələbələri təhsilin bu səviyyəsindən uzaqlaşdırır. Məsələn, təhsil və sosial elmlər sahəsində bir çox vəzifələrdə magistr dərəcəsi hələ də motivasiyaedici faktor kimi qəbul edilmir. Xüsusilə müəllimlik ixtisasında bu fərq daha aydın görünür. Sadə bir nümunə, Finlandiyada məktəb müəllimlərinin böyük əksəriyyəti magistr təhsilli olur və bu, həm peşə nüfuzuna, həm də maaş sisteminə birbaşa təsir edir. Bizdə isə magistr dərəcəsi olan müəllimlərin əməkhaqqında bu məqam nəzərə alınmır, nəticədə gənclər bu pillədə təhsillərini davam etdirməkdə xüsusi maraq duymurlar.

Üçüncüsü, imtahan strukturu ilə bağlı giley-güzarların da əsaslı tərəfləri var. “Məntiq” fənninin bütün ixtisaslara eyni çətinlikdə tətbiqi ədalət balansını pozur. Texniki və ya humanitar ixtisaslardan gələn tələbələrin eyni formatda suallara cavab verməsi bəzən bilik və bacarıq fərqlərini nəzərə almır.

Bütün bu amillərin nəticəsində bu il magistratura plan yerlərinin beşdə biri boş qalıb, imtahanda iştirak edənlərin sayı 40%-ə yaxın azalıb, median bal isə aşağı düşüb. Bu göstəricilər sistemdə həm motivasiya böhranını, həm də qəbul mexanizmlərinin yenidən baxılmasına ehtiyac olduğunu göstərir”.

Ekspertin fikrincə, magistraturaya marağın azalmasının başlıca səbəbləri tədris proqramlarının və imtahan modelinin köhnəlməsi, eləcə də tələbələr arasında motivasiyanın azalması ilə bağlıdır:

“Ümumilikdə deyə bilərəm ki, magistratura təhsilinə marağın azalması tək bir səbəblə deyil, çoxfaktorlu və kompleks proseslə, çağırışla bağlıdır. Buraya imtahan modelinin yenilənməsi, proqramların əmək bazarına uyğunlaşdırılması, magistr dərəcəsinin real üstünlüklərinin artırılması və motivasiya mexanizmlərinin gücləndirilməsi daxildir. Əks halda, bu tendensiya növbəti illərdə də davam edəcək və təhsilin yüksək pilləsində keyfiyyətli kadrların formalaşmasına mənfi təsir göstərə bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər