Mənzil alarkən hansı mərtəbələrə üstünlük verməliyik? - ARAŞDIRMA
Mənzil alarkən insanların əksəriyyəti ilk növbədə qiymətə, yerləşməyə və evin sahəsinə diqqət yetirir. Lakin daşınmaz əmlak mütəxəssisləri bildirirlər ki, uzunmüddətli rahat yaşayış üçün mərtəbə seçimi də ən vacib amillərdən biri hesab olunur. Çünki seçilən mərtəbə həm gündəlik komforta, həm təhlükəsizliyə, həm də kommunal xərclərə birbaşa təsir edir.
Patrul.az-ın əmlak bazarında apardığı müşahidələr göstərir ki, alıcıların böyük hissəsi sonradan peşman olmamaq üçün artıq mərtəbə faktoruna daha həssas yanaşmağa başlayıb. Xüsusilə çoxmərtəbəli binaların artdığı dövrdə insanların seçim meyarları da dəyişir.
Birinci mərtəbələr qiymət baxımından daha əlçatan sayılsa da, bu variant hər kəs üçün uyğun hesab edilmir. Ekspertlərin sözlərinə görə, aşağı mərtəbələrdə yaşayanlar daha çox səs-küy və məxfilik problemi ilə qarşılaşırlar. Giriş-çıxışın intensiv olduğu binalarda qapı səsi, domofon, lift hərəkəti və küçədən gələn səslər gündəlik narahatlıq yarada bilir.
Digər tərəfdən, pəncərələrin küçəyə yaxın olması səbəbindən bir çox sakinlər özlərini tam rahat hiss etmirlər. Xüsusilə həyətə və ya yol kənarına baxan mənzillərdə insanlar əksər hallarda pərdələri bağlı saxlamağa üstünlük verirlər. Bu isə həm təbii işıqlandırmanı azaldır, həm də yaşayış komfortuna təsir edir.
Mütəxəssislər qeyd edirlər ki, köhnə tikililərdə birinci mərtəbələr daha soyuq olur. Zirzəmidən gələn rütubət və istilik itkisi qış aylarında əlavə xərc yaradır. Təhlükəsizlik məsələsi də aşağı mərtəbələrin əsas çatışmazlıqlarından biri hesab edilir. Buna görə bəzi sakinlər əlavə mühafizə sistemləri, dəmir barmaqlıqlar və qoruyucu jalüzlər quraşdırmağa məcbur qalırlar.
Sonuncu mərtəbələr isə fərqli üstünlükləri ilə seçilir. Belə mənzillər adətən daha sakit olur və şəhər mənzərəsi baxımından daha cəlbedici hesab edilir. Üstəlik, yuxarı mərtəbələrdə yaşayanlar tavandan gələn səs problemindən demək olar ki, əziyyət çəkmirlər.
Lakin bu rahatlığın müəyyən çətin tərəfləri də var. Yay aylarında dam örtüyünün qızması səbəbindən sonuncu mərtəbələrdə temperatur daha yüksək olur. Kondisionerdən istifadə artdığı üçün elektrik xərcləri də yüksələ bilir. Qışda isə istilik itkisi daha çox hiss olunur.
Köhnə binalarda dam sızmaları və nəmişlik problemi də sonuncu mərtəbələrdə yaşayanların ən çox şikayət etdiyi məsələlər sırasında yer alır. Bundan başqa, liftin işləmədiyi hallarda yüksək mərtəbələrdə yaşamaq xüsusilə yaşlı insanlar və uşaqlı ailələr üçün ciddi narahatlıq yaradır.
Əmlak bazarı üzrə mütəxəssislər hesab edirlər ki, ən balanslı seçim orta mərtəbələrdir. Çünki bu mərtəbələr həm istilik baxımından daha sərfəli olur, həm də səs-küy və təhlükəsizlik problemləri daha az hiss edilir.
Orta mərtəbələrdə yerləşən mənzillər qışda daha gec soyuyur, yayda isə digər mərtəbələrlə müqayisədə daha az qızır. Bu xüsusiyyət kommunal xərclərə də müsbət təsir göstərir. Eyni zamanda lift problemi yaranarsa, pilləkənlə hərəkət etmək də nisbətən rahat olur.
Müşahidələr göstərir ki, alıcıların ən çox üstünlük verdiyi mərtəbələr əsasən ikinci, üçüncü və dördüncü mərtəbələrdir. Yeni tikililərdə müasir izolyasiya sistemləri bəzi problemləri azaltsa da, ümumi tendensiya dəyişmir. Ekspertlər hesab edirlər ki, həm rahatlıq, həm təhlükəsizlik, həm də gündəlik yaşayış baxımından orta mərtəbələr hələ də ən optimal seçim sayılır.
Ləman Sərraf






