“Milli Qurtuluş Günü gələcəyə inamın ifadəsi kimi yaddaşlara həkk olunub” - MİLLƏT VƏKİLİ
“15 İyun – Milli Qurtuluş Günü xalqımızın müstəqilliyininqorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizdəictimai-siyasi sabitliyin bərpa olunması ilə bağlı olan Azərbaycanın dövlətçiliyi tarixində ən mühüm və əlamətdargünlərdən biridir. Hər il ölkəmizdə böyük ehtiramla qeyd olunan Milli Qurtuluş Günü Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı tarixi bir nailiyyətdir”.
Bu fikirləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva 15 İyun-Milli Qurtuluş Gününün xalqımızın həyatında oynadığı rol barədə Patrul.az-a şərh edərkən səsləndirib.
O xatırladıb ki, hələ 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə ciddi siyasi, iqtisadi və hərbi çətinliklərlə üzləşmişdir:
“Dövlət idarəçiliyində yaranmış böhran, hakimiyyət uğrunda mübarizə, iqtisadi tənəzzül və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ölkədə vəziyyəti daha da ağırlaşdırmışdır. Xüsusilə 1993-cü ilin iyun ayında baş verən hadisələr Azərbaycanı vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdur. 1991-1993-cü illər ərzində dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı”.
Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqının xilası yalnız Heydər Əliyevin simasında gördüyünü vurğulayan P.Vəliyeva bildirib:
“Bu mürəkkəb və gərgin şəraitdə xalqın təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan olmuş Heydər Əliyev Bakıya dəvət edildi və onun siyasi təcrübəsi, dövlətçilik baxışı və qətiyyətli fəaliyyəti ölkədə yaranmış böhranın aradan qaldırılması üçün mühüm rol oynadı.
9 iyun 1993-cü il tarixində Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xalqın taleyinin həll olunduğu ağır bir zamanda insanların təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmişdir.
1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisəölkədə siyasi sabitliyin təmin olunmasının və dövlət idarəçiliyininbərpasının başlanğıcı kimi qiymətləndirilir. Həmin tarixdənetibarən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsiistiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başlamışdır. Qısa zamanda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə vətəndaş qarşıdurmasının qarşısı alınaraq, qanunçuluq və ictimai asayiş təmin edildi, dövlət institutlarının fəaliyyəti gücləndirildi. Həmçinin, Azərbaycanın beynəlxalq nüfuzu yüksələrək, xarici siyasətdə balanslı və milli maraqlara əsaslanan xətt formalaşdırıldı”.

Müsahibimiz qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi:
“1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoymuş, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirmişdir.
Milli Qurtuluş Azərbaycan üçün yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Sonrakı illərdə ölkədə siyasi sabitlik bərqərar olunmaqla iqtisadi islahatlar həyata keçirildi və bazar iqtisadiyyatına keçid sürətləndirildi. 1994-cü ildə imzalanan Əsrin Müqaviləsi Azərbaycanın iqtisadi inkişafında mühüm dönüş yaratdı ki, bu da ölkənin dünya iqtisadi sisteminə inteqrasiyasını gücləndirdi. Qurtuluşdan sonra dövlət quruculuğu prosesi sürətlənərək, demokratik institutların formalaşdırılması istiqamətində mühüm addımlar atılmağa başlandı. Nəhayət, Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilməkləbeynəlxalq təşkilatlarda öz mövqeyini möhkəmləndirməyə nail oldu”.
Millət vəkili, bu gün Prezident cənab İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycanın dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrildiyini söyləyib:
“Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Bu siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır”.
“Milli Qurtuluş Günü xalqın milli həmrəyliyinin, dövlətçilik ənənələrinə sədaqətinin və müstəqilliyin qorunmasının rəmzi kimi qeyd olunur. Milli Qurtuluş Günü təkcə keçmişin xatırlanması kimi deyil, həm də gələcəyə inamın ifadəsi kimi yaddaşlara həkk olundu. Bu tarix Azərbaycan xalqının çətin sınaqlardan keçərək dövlət müstəqilliyini qorumaq əzmini və milli birliyini nümayiş etdirir”,- deyə o, fikirlərini sonlandırıb.
Ləman Sərraf






