Mingəçevirdə torpaq qalmaqalı: vətəndaş bələdiyyə sədrini ittiham edir
Mingəçevir şəhərində torpaq sənədləri ilə bağlı yaranmış mübahisə vətəndaş hüquqlarının pozulması iddiası ilə gündəmə gəlib. 2-ci qrup Qarabağ əlili İbrahim Kərimovun həyat yoldaşı Məryəm Kərimova Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılovu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edir.

Şikayətçinin Patrul.az-a bildirdiyinə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən vətəndaşlar 2006–2007-ci illərə aid torpaq sənədləri əsasında mülkiyyət hüququnu rəsmiləşdirərək çıxarış (xalq arasında “kupça”) ala bilirlər. Lakin o iddia edir ki, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov bu hüququn reallaşmasına mane olur və müxtəlif bəhanələrlə onu davamlı şəkildə get-gələ salır.
Məryəm Kərimovanın bildirdiyinə görə, torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışı almaq üçün “ASAN xidmət” mərkəzinə bələdiyyə tərəfindən verilmiş razılıq məktubu təqdim edilməlidir. Onun iddiasına əsasən, bələdiyyə sədri həmin məktubu verməkdən imtina edir və bunun müqabilində 2500 manat tələb edir.
“Qanunvericiliyə görə, dövlət rüsumu yalnız çıxarış Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə rəsmiləşdirildikdən sonra və ‘ASAN xidmət’ üzərindən ödənilməlidir. Bu isə göstərir ki, bələdiyyə sədrinin bu cür tələb irəli sürməsi qanunla əsaslandırıla bilməz”, – deyə şikayətçi qeyd edir.
Onun fikrincə, bu cür hallar təkcə bir vətəndaşın probleminə çevrilmir, həm də dövlət qurumlarına olan ictimai etimadı sarsıdır. Məryəm Kərimova hesab edir ki, məsələ Mingəçevir Bələdiyyəsində şəffaflığın və vəzifə məsuliyyətinin təmin olunması baxımından da ciddi şəkildə araşdırılmalıdır.
Məsələ ilə bağlı Mingəçevir Bələdiyyəsinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zahid Qasımı səsləndirilən rüşvət iddialarını qətiyyətlə təkzib edib. O bildirib ki, şikayətçidən 2500 manat tələb olunması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir və böhtan xarakteri daşıyır.
Zahid Qasımının sözlərinə görə, şikayətçi vaxtilə aldığı torpaq sahəsi ilə bağlı sənədləri həmin dövrdə fəaliyyət göstərmiş Havarlı bələdiyyəsində tam rəsmiləşdirməyib. Daha sonra isə həmin torpaq sahələri Mingəçevir Bələdiyyəsinin inzibati ərazisinə daxil edilib.
Bələdiyyə rəsmisi bildirib ki, şikayətçinin müraciəti əsasında təqdim olunan sənədlərin həqiqiliyini araşdırmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Yevlax Regional Arxiv Filialına rəsmi sorğu göndərilib. Lakin aparılan araşdırmalar nəticəsində həmin sənədlərin arxiv fondlarında mövcud olmadığı müəyyən edilib.
Bundan əlavə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin arxivində də Havarlı bələdiyyəsinə məxsus qərar və protokolların saxlanılmadığı bildirilib.
Zahid Qasımının sözlərinə görə, şikayətçi Məryəm Kərimovaya əlində olan sənədlərin hüquqi baxımdan keçərli olmadığı barədə məlumat verilib. Ona torpaq sahəsinə çıxarış almaq üçün əvvəlcə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri qurumlarına müraciət etməsi, şəhər memarından rəy alması və bütün zəruri sənədləri topladıqdan sonra Mingəçevir Bələdiyyəsinə yenidən müraciət etməsi tövsiyə olunub.
Aynur Nadirqızı






