"Müharibə sadəcə hərbi qarşıdurma deyil, insan ruhunda izini buraxan dərin travmadır" - Psixoloq ANALİZİ
Günümüzdə dünyada müxtəlif ölkələr arasında dəhşətli müharibələrin şahidi oluruq. Müharibə dövrü yaşamış bir xalq kimi bu gərginliyin nə qədər qorxunc olduğunu yaxşı anlayırıq. Müharibə yalnız topları və güllələri ilə deyil, insanın ruhunu dağıdan, uzun illər davam edən görünməyən bir fəlakətdir. Psixoloji təsirləri, fiziki zərərlərindən daha dərin və davamlı ola bilər. Bu səbəbdən sülh, təkcə diplomatik deyil, həm də psixoloji bir məqsəd kimi dəyərləndirilməlidir.
Müharibənin insan psixologiyasında buraxdığı izlər barədə psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Patrulaz.az-a açıqlama verib:
“Qeyd edim ki, müharibə sadəcə bir hərbi qarşıdurma deyil o, insan ruhunda öz izini buraxan dərin bir travmadır. Bu travma yalnız birbaşa döyüşən əsgərləri deyil, mülki əhalini, ailələri, uşaqları və hətta gələcək nəsilləri əhatə edir. Biz azərbaycanlılar olaraq, bu acı reallığı təkcə tarix kitablarından deyil, öz şəxsi və kollektiv yaddaşımızdan da tanıyırıq. Qarabağ müharibəsi və onun nəticələri hələ də insanlarımızın həyatında davam edən ağrı kimi yaşanmaqdadır. Xüsusən, müharibə bölgəsində yaşayan və ya iştirak edən insanların böyük bir qismi posttravmatik stress pozuntusu ilə qarşılaşır. Bu hal özünü yuxusuzluq, qəfil qorxu, aqressiya, özünə qapanma, kabuslar, diqqət əksikliyi və həyat keyfiyyətinin aşağı düşməsi ilə göstərir”.
Psixoloq qeyd edib ki, bəzən illər keçsə belə, bu simptomlar təkrarlanaraq insanın gündəlik həyatına mənfi təsir göstərir:
“Həmçinin uşaq və yeniyetmələr bundan çox əziyyət çəkir. Onlar müharibənin səbəbini tam anlamasalar da, onun yaratdığı təhlükə və qeyri-müəyyənlik hissini dərin şəkildə yaşayırlar. Bu da onların emosional inkişafına mənfi təsir edir. Bəzən onlarda qorxu, ayrılıq, aqressiv davranışlar, sosial çəkinmə və təhsil uğurlarında azalma kimi hallar müşahidə olunur. Müharibə dövründə uşaqların gələcək dünyagörüşü və inamı zədələnir. Həmçinin müharibə ailələrin parçalanmasına, yaxınlarını itirən insanların yas və depressiya prosesinə uzun müddət daxil olmasına səbəb olur. Hərbçilərin həyat yoldaşları və övladları da bu itkiləri dərindən yaşamaqla bərabər, tez-tez ambivalent emosiyalar (bir tərəfdən qürur, digər tərəfdən kədər və qorxu) arasında qalırlar. Bu isə ailə içində münasibətləri zəiflədir və psixoloji dayanıqlılığı sarsıdır. Evindən, yurd-yuvasından didərgin düşən insanlar “itirilmiş kimlik” və “təhlükəsizlik hissinin pozulması” ilə mübarizə aparır. Onlar üçün sadəcə bir ev deyil, həm də aidiyyət hissi, xatirələr və mənəvi sabitlik itmiş olur. Bu boşluq bəzən uzun illər dolmur və fərdin psixoloji sağlamlığına davamlı mənfi təsir göstərir”.

Elnur Rüstəmovun sözlərinə görə, müharibə yalnız fərdi deyil, kollektiv yaddaşı da zədələyir:
“Müharibə sonrası cəmiyyətlərdə qorxu, kin, qisas və qeyri-stabillik hissi uzun illər davam edə bilər. Xüsusilə media, təhsil və siyasət bu travmanın necə yaşandığını və ötürüldüyünü müəyyən edir. Əgər bu travmalar emal olunmadan nəsildən-nəslə ötürülürsə, psixoloji sabitlik üçün ciddi risk yaranır. Müharibə bitdikdən sonra belə, insanlar gündəlik həyata qayıtmaqda çətinlik çəkirlər. Bu mərhələdə psixoloji dəstək, terapiya və sosial adaptasiya proqramları həyati əhəmiyyət daşıyır. Müharibə iştirakçılarına, şəhid ailələrinə və didərgin düşmüş insanlara psixoloji yardımın institusional şəkildə göstərilməsi vacibdir. Bu həm fərdi rifah, həm də cəmiyyətin sabitliyi üçün önəmlidir.
İstənilən müharibə insan psixikasına görünməyən, lakin dərin və davamlı izlər qoyur. Sülh şəraitində belə bu izlər insan davranışlarında, düşüncə tərzində və emosional reaksiya modellərində yaşamağa davam edir. Ona görə də, müharibədən sonrakı dövrdə psixoloji dəstək və reabilitasiya, fiziki bərpa qədər vacib sayılmalıdır. Unutmamalıyıq ki, güclü ordu qalibiyyət gətirə bilər, amma güclü psixoloji dəstək sabit cəmiyyətin əsasını qoyar”.
Ləman Sərraf






