“Mükəmməl televiziyamıza yenidən qayıtmalıyıq“ - ƏMƏKDAR JURNALİST
“1956-cı il 14 fevralında Azərbaycan televiziyasının yaradılması tarixi hadisə idi. Buna qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını “Göstərir Bakı!” kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında əməkdar jurnalist Mətanət Məmmədova deyib.
O bildirib ki, Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdısa, 1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı: “1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artmışdı. 70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi. Bu isə o demək idi ki, tamaşaçı zövqü üçün istənilən qədər vaxt qazanılmışdı və yeni proqramların tərtib olunması, film, konsertlərin tamaşaçılara təqdim edilməsi, ictimai-sosial, mədəni-kütləvi verilişlərin təqdimatı üçün mühüm şərait yaradılmışdı.
Bu gün-müasir texnologiyaların yüksək sürətlə inkişaf etdiyi dövrdə isə televiziyalar daha da inkişaf edib. Lakin onu vurğulamaq yerinə düşər ki, ölkədə 2-3 telekanaldan başqa digərləri sadəcə texniki tərəfdən inkişaf edib. Yaradıcılıq sahəsi, aparıcıların seçilməsi, Azərbaycan dilində mükəmməl danışıq qabiliyyəti, geyim tərzi, verilişlərin məzmunu və keyfiyyəti təbii ki, sıfır vəziyyətdədir.
Bir vaxtlar televiziya məkanında Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən Əkbərova, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Aygül Qaradağlı, Dilarə Səlim, Rafiq Həşimov və başqaları kimi həm gözəl danışıq qabiliyyəti, geyim tərzi, həm də istedadı olan aparıcı və diktorlar çalışırdısa, bəs bu gün kimin adını çəkmək olar?
Televiziya kanallarında təşkil olunan pullu verilişlərdə xalqın milli-mənəvi, ailə dəyərlərinə zərbələr vurulur. Səhərdən axşamadək tamaşaçı zövqündən kənar proqramların yayımlanması əgər tamaşaçını məmnun etmirsə, nəyə gərəkdir?
Odur ki, mükəmməl televiziyamıza yenidən qayıtmalıyıq. Biz onu harada, nə vaxt itirdik, bax bu gün fikirləşib onu tapmalı, yenidən o televiziyaya-hər kəsin ürəyincə olan, zövqünü oxşayan, tariximizə, mədəniyyətimizə, milli mentalitetimizə sadiq televiziyaya qayıtmalıyıq.
Bunu məhz bu gün-televiziyanın yaradılması günü qeyd etmək, düşünürəm ki, hər bir ziyalının borcudur”.