media-e73ce180-c840-42db-8e57-0c85ce2c36d6

Son günlər cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri fiziki şəxslərin mülkiyyətində olan əmlakın dövlət tərəfindən müsadirəsi ilə bağlı məsələlərdir. Bəs məhkəmə qərarı olmadan fiziki şəxslərin əmlakı hansı hallarda dövlət orqanları tərəfindən götürülə bilər və bunun hüquqi əsasları nədir?

Bu barədə hüquqşünas Nəriman Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə görə mülkiyyət hüququ yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla və ədalətli kompensasiya şərti ilə dövlət ehtiyacları üçün alınması mümkündür:

media-fbeaa8a7-247c-40a6-9d5c-ca02c0630b3d

“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, mülkiyyət hüququ yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər. Konstitusiyanın 29-cu maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır. Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Xüsusi hallar istisna olmaqla, dövlət ehtiyacları üçün əmlakın alınması yalnız ədalətli kompensasiya ilə mümkündür. Əmlakın dövlət orqanları tərəfindən götürülməsi əsasən məhkəmə qərarı tələb edir”.

Hüquqşünasın sözlərinə görə, məhkəməsiz müsadirə yalnız qanunla müəyyən edilmiş istisna hallarda həyata keçirilə bilər:

“İstisna hallarda dövlət orqanları əmlakı məhkəmə qərarı olmadan götürə bilər. Bu hallar qanunla dəqiq müəyyən edilib və yalnız təhlükəsizlik, qanunçuluq və ictimai maraqla bağlıdır. Mənşəyinə və təyinatına görə qanunsuz sayılan əşyalar – narkotik vasitələr, silah və sursat, saxta sənədlər və pullar dərhal müsadirə olunur. Qanunsuz yolla gətirilmiş, bəyan olunmamış və ya mənşəyi məlum olmayan mallar gömrük orqanları tərəfindən dərhal götürülə bilər. Qadağan olunmuş ov və balıqçılıq alətləri də yerindəcə müsadirə edilir. Təbii fəlakət, qəza və digər ictimai təhlükə zamanı əmlak müvəqqəti istifadə üçün götürülə bilər – sonradan qaytarılır və ya kompensasiya verilir. Məhkəməsiz müsadirə yalnız qanunda göstərilən hallarda tətbiq edilə bilər”.

Məsələ ilə bağlı vəkil Anar Qasımlı da bildirib ki, mülkiyyət toxunulmazdır və yalnız məhkəmə qərarı ilə və ya qanunla müəyyən edilmiş hallar çərçivəsində alınması mümkündür:

media-ee4b6df8-6a8f-4d68-adf3-6d71b02b49df

“Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktlarına əsasən, mülkiyyət toxunulmazdır. Mülkiyyətin özəl, şəxsi, bələdiyyə və dövlət formaları mövcuddur və heç bir formaya üstünlük verilmir. Şəxsin əmlakı yalnız məhkəmə qərarı ilə müsadirə oluna bilər. Məsələn, cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin alət və vasitələri məhkəmə qərarı ilə müsadirə edilir. Bundan başqa, dövlət ehtiyacları üçün – məsələn, dövlət əhəmiyyətli yolun çəkilməsi və ya Bakı–Ceyhan neft kəməri kimi layihələr üçün – əmlak məhkəmə qaydasında ədalətli ödənişlə alınır. Vətəndaşlar həmçinin özləri də məhkəmə qaydasında müraciət edərək əmlaklarını dövlətə sata bilərlər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər