“Müstəqillik bizim üçün düsturu dəqiq olan, xalqımızın hər bir fərdinin əzbər bildiyi bir məsələdir” - DEPUTAT
“Soyuq müharibənin başa çatması ilə dünya siyasətində yeni müstəqil subyektlər meydana gəldi. Qürurverici məqam odur ki, 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycanın dövlətçilik ənənəsi, idarəçilik aparatının kökləri isə daha dərinlərə gedir. Müsəlman aləmində ilk demokratik respublika yaratmağa 20-ci əsrin əvvəllərində müvəffəq olan xalqımız 1991-ci ildən 1993-cü ilə qədər nə qədər böyük sınaqlarla üz-üzə qalsa da milli iradə nümayiş etdirdi, mətinliyini itirmədi. Məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə xalqın təkidli tələbi ilə gəlişindən sonra dövlət aparatının effektiv icrasına başlanıldı. Buna qədər olan dönəmdə isə idarəçilik tamamilə xaos halında və pərakəndə vəziyyətdə idi”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Azərbaycanın milli bayramı – 28 May Müstəqillik günü haqqında fikirlərini səsləndirən millət vəkili Azər Badamov deyib.
O qeyd edib ki, müstəqilliyi qazanmaq asan məsələ deyil:
“Kəsişən maraqların mərkəzində yerləşən Azərbaycan üçün bu xüsusilə ağır və ağrılı bir proses oldu. 1918-ci ildə yaşanılan müstəqillik duyğusu cəmi 23 ay olsa da onun təsiri son dərəcə güclü oldu. Bu dönəm xalqımızınn çox böyük mütəfəkkirlər, ziyalılar yetişdirdiyi dönəmdir. Məhz bu ziyalıların zəngin siyasi, mədəni, bədii irsi Azərbaycan tarixində, mədəniyyətində, ədəbiyyatında silinməz izlər qoyub. Tarixinə hörmət edən xalq olaraq Azərbaycan xalqı bu izləri hər zaman minnətdarlıq hissi ilə anır.
44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, biz bu yoldan da, izlərdən də kənara çıxmamışıq. Məhz həmin coşğulu ruh ilə gənclərimiz Qarabağı böyük bir fədakarlıqla azad edərək göstərdilər ki, əcdadlarımız qədər gələcək nəsillər üçün də müstəqilliyimiz ən böyük sərvətimizdir. 44 günlük Vətən müharibəsi bizə elə bir ruh verdi ki, biz bu ruh ilə daha böyük uğurlara imza atacağıq. Dövlətçilik ənənələrinə, müstəqilliyə, milli kimliyə olan baxışımızı dəyişməyəcəyimiz, öz kökümüzdən heç zaman uzaq düşməyəcəyimiz bütün dünyaya bir daha oldu. Deməli, müstəqilliyimiz bizim üçün düsturu dəqiq olan, xalqımızın hər bir fərdinin əzbər bildiyi bir məsələdir”.

Deputatın sözlərinə görə, müstəqilliyi qorumaq üçün ona sistemli yanaşma zərurəti olmalıdır:
“Bu zərurəti daimi etmək üçün 15 oktyabr 2021 cil ildə cənab Prezident İlham Əliyevin “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununu” qəbul etməsi və 28 May – Respublika Gününün “Müstəqillik günü”, 18-Oktyabr Dövlət Müstəqilliyi Gününün isə “Müstəqilliyin bərpası günü” adlandırılması dövlət başçımızın xalq qarşısında, torpaq qarşısında atdığı ən önəmli addımlardan biridir. Bu addım Azərbaycan torpaqlarını bütöv edən Müzəffər Ali Baş Komandanın tariximizə duyduğu dərin hörmət, dövlətçilik irsimizə göstərilən həssas yanaşmadır.
Azərbaycan xalqının nümayiş etdirdiyi duruş ondan xəbər verir ki, müstəqillik sadəcə konkret məfhumlarla deyil, abstrakt amillərlə birlikdə kompleks yanaşma tələb edir. Bu sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, suverenliyi, güclü ordu, güclü siyasət və iqtisadiyyatla yanaşı milli ruh da tələb edir. Odur ki, müstəqillik anlayışına olan bu dərin baxışımız region və dünya xalqları üçün bir nümunədir.
Məhz müstəqilliyimizin elan edildiyi ilk gündən bu günə başımızın üzərində dalğalanan üçrəngli bayrağımız bundan sonra da ən uc kürsülərdən görünməyə layiqdir. Çünki müstəqilliyimiz bizə heç kimin ərmağanı və ya etdiyi güzəştin nəticəsi deyil, xalqımızın canı-qanı bahasına nail olduğu məsələdir”.
Ləman Sərraf






