Müştəri servis haqqını ödəməkdən nə zaman imtina edə bilər? - ŞƏRH
Restoranlarda xidmət haqqı ilə bağlı narazılıqlar müştərilər arasında tez-tez müşahidə olunur; bəzi hallarda xidmət haqqının qeyri-müəyyən göstərilməsi və ya yüksək olması şikayətlərə səbəb olur.
Müştərilər belə hallarda əlavə servis haqqını ödəməkdən imtina edə bilərmi və bu hüquqi baxımdan necə tənzimlənir?
Bu barədə iqtisadçı Xalid Kərimli Patrul.az-a açıqlamasında bildirib ki, müştəri yalnız servis haqqının əvvəlcədən bildirilmədiyi halda onun ödənilməsindən imtina edə bilər, əks halda ödəməlidir:
“Restoranlar xidmətlərinin və məhsullarının qiymətini formalaşdırmaqda sərbəstdirlər. Hər hansı məhdudiyyət yoxdur. Restoran, rəqabətli sektor kimi, öz məhsullarına və xidmətlərinə hansı qiyməti təyin edəcəyini öz rəhbərliyinin qərarı ilə müəyyənləşdirir. Təbii ki, burada əsas nüans, təqdim etdikləri məhsul və xidmətə görə qiyməti alıcıya əvvəlcədən bildirməkdir.Servis haqlarına gəldikdə isə məsələ bundan ibarətdir ki, müştəri aydın şəkildə əvvəlcədən bilməlidir ki, aldığı xidmət müqaviləsində hansı məbləğ nəzərdə tutulub. Servis haqqı nəzərdə tutulubsa, menyuda aydın şəkildə göstərilməlidir, yaxud yazılmayıbsa, xidmət göstərən şəxs tərəfindən elan edilməlidir.Bundan sonra artıq vətəndaş, servis haqqının mövcud olduğunu bilə-bilə yenidən restoranın xidmətindən istifadə edirsə, burada edilə biləcək bir şey yoxdur. Hər şey qanunidir və müştəri bilə-bilə ki, servis haqqı var və bu restorandan istifadə edirsə, həmin məbləği ödəməlidir.Yox, əgər sürpriz şəkildə məlumat olmadan, menyuya qeyd edilmədən təqdim edilirsə, artıq vətəndaş qiymətin şişirdilməsindən şikayətlənib servis haqqından imtina edə bilər. Amma qeyd olunubsa, menyuda artıq vətəndaş borcunu ödəməlidir və heç bir şikayət etməyə haqqı yoxdur”.

Ekspert həmçinin vurğuladı ki, vətəndaş servis haqqını yüksək hesab edirsə, ən yaxşı cavab restorana yenidən getməməkdir:
“Vətəndaş hesab edirsə ki, servis haqqı düzgün deyil və ya həddən artıq bahadır, burada ən yaxşı “cəza” həmin restorana yenidən getməməkdir. Restoran lüks istehlakdır, məcburi və zəruri istehlak deyil ki, dövlət burada hər hansı xüsusi məhdudiyyət və qaydalar tətbiq etməyi fikirləşsin.Vətəndaş hesab edirsə ki, təyin edilmiş servis haqqı həmin restoranın xidmətinə və təqdim etdiyi məhsula uyğun deyil, ən yaxşı yol həmin restorana növbəti dəfə getməməkdir”.
Cəmilə Cəfərzadə






