NATO ölkələri ilə Rusiya arasında nə baş verir? - FAKTLAR
Son həftələrdə NATO ölkələri ilə Rusiya arasında münasibətlərdə gərginlik daha da dərinləşib.
Patrulaz.az “UNN”a istinadən xəbər verir ki, proses sentyabrın 9-da Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Polşa, Estoniya və Danimarka hava məkanına qanunsuz daxil olması ilə başlayıb.
İlk hadidə həmin gün qeydə alınıb – Rusiya dronlarının dalğası Polşanın hava məkanına daxil olub. Sentyabrın 19-da isə üç MiQ-31 qırıcısı Estoniya üzərində 12 dəqiqədən çox qalıb. Bu hadisə son 20 ildə ölkənin hava təhlükəsizliyi üçün ən ciddi pozuntu kimi dəyərləndirilib.
Bir neçə gün sonra naməlum dronlar Danimarkanın əsas hava limanını fəaliyyətini dayandırmağa məcbur edib və Oslo səmasında da müşahidə olunub. Oxşar hallar Danimarka və İsveçin digər ərazilərində, o cümlədən hərbi hava bazası və Karlskrona arxipelaqında da baş verib.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, 2023–2024-cü illərdə Avropada kritik infrastruktura qarşı Rusiya tərəfindən həyata keçirilən təxribatların sayı 246% artıb. Hücumların əsas hədəfi isə dəniz və logistika ilə əlaqəli obyektlər olub.
Gərginliyin artması fonunda Avropa diplomatları Kremlin diqqətinə çatdırıblar ki, NATO artıq öz hava məkanında bu cür pozuntulara dözməyəcək və Rusiyaya məxsus hərbi təyyarələr vurulacaq.
“Başqa bir raket və ya təyyarə icazəsiz məkanımıza daxil olarsa və vurularsa, bundan şikayət etməyə gəlməyin”, – Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
İsveç Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Yonas Vikman isə qeyd edib ki, real təhlükə yaranacağı təqdirdə düşmən təyyarələrini vurmağa hazırdır:
“Əsas məsələ düzgün mövqe və təmkin nümayiş etdirməkdir”, – deyə o əlavə edib.
Hazırda müttəfiqlər müdafiə tədbirlərini gücləndirirlər. Polşa desant qüvvələri İsveç hərbçiləri ilə birlikdə Qotland adasında birgə təlimlər keçirib, İsveç isə əlavə hava hücumundan müdafiə sistemləri yerləşdirib.






