Nazir təhsil haqqı ilə bağlı fikirlərinə aydınlıq gətirdi
Elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində təhsil haqqları ilə bağlı bildirdiyi fikirlərinin ictimaiyyət tərəfindən yanlış anlaşılmasına aydınlıq gətirib.
Patrul.az xəbər verir ki, nazir bu barədə öz “Facebook” sosial media hesabında paylaşım edib.
“Hər bir müsahibədə Elm və Təhsil Nazirliyi olaraq müəyyən məqamlara toxunaraq təhsil sahəsində ictimai müzakirəni canlandırmağa çalışırıq və dövlət qurumu olaraq belə müzakirələri faydalı hesab edirik. Demək olar ki, hər müsahibədən sonra söylənilən fikirlərin bəzilərinin kontekstdən çıxarılaraq yanlış məcraya yönəldilməsinin də şahidi oluruq ki, bu da özü-özlüyündə müzakirənin səmərəliliyinə xələl gətirir. Bunun qəsdən və ya bilməzlikdən baş verməsini bir kənara qoyub keçirəm mətləbə – yəni son müsahibədə ali təhsil xərcləri ilə bağlı söylənilən fikirlərin təkrar şərhinə.
Söylədiyim fikir bundan ibarət idi ki, Azərbaycanda 1 tələbəyə düşən təhsil haqqı (oxu: təhsil xərcləri) inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. Təhsil haqqının aşağı olması sosial nöqteyi-nəzərdən nə qədər müsbət qarşılansa da, ümumilikdə təhsilin keyfiyyətinə təsir edən amildir. Yəni təhsil də digər sahələrdə olduğu kimi investisiya tələb edir və ya təhsilin keyfiyyətinə təsir edən əsas amillərdən biri də maliyyələşmədir. Çünki ali təhsil sistemində müəllimlərin əməkhaqqısı, maddi-texniki baza, tədqiqatlar və digər məsələlər bu xərclərdən asılıdır. Bu fikirlərə şərh bildirən bəzi vətəndaşlar bir sıra ölkələrdə təhsilin “pulsuz” olduğunu vurğulayaraq söylənilən fikirlərin yumşaq desək, həqiqəti əks etdirmədiyini iddia edirlər. Kimlərsə şərh yazdı, kimlərsə qınadı, kimlərsə də poster düzəldib onu geniş kütləyə yaymağa çalışdı. İşin əsli necədir?
Əvvəla, “pulsuz” təhsil dünyanın heç yerində yoxdur. Təhsil həmişə ödənişlidir. Misal kimi göstərilən Avstriya, Almaniya və Fransa kimi ölkələrdə ali təhsilin bakalavr pilləsində illik təhsil xərci 10,000-18,000 avro (alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla) təşkil edir. Avstriyada və ya Fransada tələbənin ödədiyi 500-1000 avro məbləğ isə 1 semestr üçün qeydiyyat haqqıdır, yəni təhsil haqqı deyil. Başqa sözlə, bu ölkələrdə təhsil haqqı (və ya xərci) aşağı deyil, bu xərc müəyyən sayda vətəndaş üçün dövlət tərəfindən qarşılanır. Sadəcə, vətəndaşların heç də hamısı ali təhsilli olmaq istəmir. Təxminən 40-60% məzun peşə təhsili alır.






