media-img-20260624-wa0068

Məktəblərdə və universitetlərdə uğur qazanmaq üçün həm rəqabət, həm də əməkdaşlıq vacib amillər hesab olunur. Bəziləri rəqabətin şagird və tələbələri daha çox çalışmağa sövq etdiyini düşünür, digərləri isə əməkdaşlığın bilik mübadiləsini və komanda bacarıqlarını inkişaf etdirdiyini vurğulayır. Bəs müasir təhsil sistemində daha effektiv yanaşma hansıdır: rəqabət, yoxsa əməkdaşlıq? Bu balans necə qurulmalıdır?

Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki, həddindən artıq rəqabət şagirdlərdə stress və uğursuzluq qorxusu yaradır, əməkdaşlıq isə həm öyrənməni gücləndirir, həm də gələcəyin komanda işinə hazırlayır:

“Bilirsiniz, biz onilliklərdir təhsili bir rəqabət meydanı kimi görməyə alışmışıq: kim daha yüksək bal yığacaq, kim sinif birincisi olacaq, kim kimisə geridə qoyacaq… Amma bu günün qlobal reallıqları və əmək bazarı bizə tamamilə fərqli bir mənzərə diktə edir. Təhsildə rəqabət müəyyən bir mərhələyə qədər fərdi motivasiya yarada bilsə də, gələcəyin qurulmasında əməkdaşlıq rəqabəti birmənalı olaraq üstələyir.

Bu gün texnologiyanın, süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə fərdlərin təkbaşına hər şeyi bilməsi artıq üstünlük deyil. Ən güclü fərd belə təkbaşına böyük bir data qarşısında acizdir. İndi uğur: fərqli bacarıqlara sahib insanların bir araya gəlib ortaq bir problemə həll tapmasındadır. Biz uşaqlara rəqabəti aşılayanda onlara tək işləməyi öyrədirik, amma müasir iş dünyası komanda işi tələb edir.

Həddindən artıq rəqabət mühiti şagirdlərdə və tələbələrdə ciddi imtahan stresi, uğursuzluq qorxusu və tükənmislik yaradır. Biz uşaqları yalnız rəqabətə kökləyəndə, bilik qazanmaq arxa plana keçir, hədəf yalnız ‘kimisə keçmək’ olur. Əməkdaşlıq mühiti isə tam tərsinə: sinifdə və auditoriyada psixoloji təhlükəsizlik yaradır. Şagird bilir ki, səhv etmək qorxulu deyil, çünki komandası onunla bir yerdədir”.

media-37949

Ə.Həsənli qeyd edir ki, təhsildə əsas üstünlük əməkdaşlığa verilməli, rəqabət isə şagirdin başqaları ilə deyil, öz inkişafı ilə müqayisəsinə əsaslanmalıdır:

“Təhsil sadəcə fərdi karyera qurmaq vasitəsi deyil, həm də cəmiyyət formalaşdırmaq missiyası daşıyır. Əməkdaşlığa əsaslanan təhsil modelində güclü şagird zəif yoldaşına kömək edir. Bu prosesdə hər iki tərəf qazanır: öyrədən öyrətdikcə öz biliyini möhkəmləndirir, öyrənən isə geri qalmır. Bu, cəmiyyətdə sosial həmrəyliyin əsasını qoyur.

Biz rəqabəti tamamilə rədd etməməliyik. Amma rəqabət başqaları ilə deyil, şagirdin özünün dünəni ilə bugünü arasında olmalıdır. Sağlam rəqabət insanın özünü aşmasıdır. Amma sistem olaraq, metodologiya olaraq biz rəqabət mühitindən əməkdaşlıq, layihə əsaslı öyrənmə və birgə yaradıcılıq mühitinə keçid etməliyik. Çünki gələcəyin dünyasını təkbaşına qaçan çempionlar deyil, çiyin-çiyinə işləməyi bacaran komandalar idarə edəcək”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər