Süni otların gizli təhlükəsi: Elmi faktlar nə deyir?
Yay aylarında şəhərlərdə temperaturun ətraf ərazilərlə müqayisədə daha yüksək hiss olunması yeni problem deyil. Mütəxəssislər bunu “şəhər istilik adası” effekti adlandırırlar. Beton, asfalt və şüşə səthlər gün ərzində Günəşdən aldığı istiliyi toplayır, axşam saatlarında isə onu ətrafa yayır. Nəticədə şəhərlər kənd və ya meşəlik ərazilərə nisbətən daha isti olur. Son illər bəzi park və ictimai məkanlarda təbii yaşıllığın yerini süni otların və dekorativ süni ağacların tutması isə bu problemin daha da dərinləşə biləcəyi ilə bağlı müzakirələri artırıb.
Patrul.az-ın araşdırmasına görə, süni otlar estetik görünüş yaratsa da, onların ekoloji baxımdan təbii yaşıllığı əvəz etməsi mümkün deyil. Təbii otlar və bitkilər torpaqdan su çəkərək yarpaqları vasitəsilə buxarlanma prosesi həyata keçirir. Bu proses ətraf mühitin temperaturunu aşağı salan təbii soyutma mexanizmi hesab olunur. Süni otlarda isə belə bir xüsusiyyət yoxdur. Əksinə, plastik və sintetik materiallardan hazırlanan örtüklər Günəş şüalarını udaraq daha çox qızır və ətraf havanın temperaturunu yüksəldə bilir.
Aparılan müxtəlif beynəlxalq araşdırmalar göstərib ki, yay günlərində süni otların səth temperaturu təbii otlarla müqayisədə onlarla dərəcə daha yüksək ola bilər. Bəzi hallarda süni örtüklərin temperaturu 60-70 dərəcəyə qədər yüksəlir. Bu isə xüsusilə uşaqların oynadığı meydançalarda və insanların sıx istifadə etdiyi parklarda əlavə istilik yükü yaradır.
Şəhərlərin sərin qalmasında ağacların rolu da xüsusi əhəmiyyət daşıyır. Lakin burada yalnız ağac əkmək deyil, düzgün növ seçmək də vacibdir. Hər ağac şəhər mühiti üçün eyni dərəcədə faydalı hesab edilmir. Məsələn, geniş kölgə yaradan, yarpaq örtüyü sıx olan və quraqlığa davamlı növlər şəhər şəraitində daha effektiv nəticə verir. Əksinə, zəif kölgə salan və ya yerli iqlimə uyğun olmayan növlər gözlənilən effekti yaratmır.
Ekoloqlar Azərbaycanın şəhər mühitində əsasən çinar, palıd, qarağac, akasiya, cökə və bəzi yerli iqlimə uyğun dekorativ ağac növlərinin daha məqsədəuyğun olduğunu bildirirlər. Bu ağaclar geniş kölgə yaradır, havadakı toz hissəciklərini saxlayır və yay aylarında temperaturun aşağı düşməsinə kömək edir. Xüsusilə çinar ağacı uzun illərdir Azərbaycanın şəhər və kəndlərində təbii “kondisioner” rolunu oynayan ağac növlərindən biri hesab olunur.
Digər tərəfdən, yaşıllaşdırma zamanı yalnız dekorativ görünüşə üstünlük verilməsi müəyyən problemlər yarada bilər. Bəzi ekzotik ağac növləri yerli iqlimə uyğunlaşmaqda çətinlik çəkir, daha çox su tələb edir və ya şəhər ekosisteminə gözlənilən faydanı vermir. Buna görə də müasir şəhərsalma yanaşmaları estetik görünüşlə yanaşı, ekoloji səmərəliliyi də əsas meyar kimi qəbul edir.
Mütəxəssislər hesab edirlər ki, şəhərlərin gələcəkdə daha yaşıl və daha sərin olması üçün süni yaşıllıqdan çox təbii bitki örtüyünə üstünlük verilməlidir. Çünki ağaclar və otlar yalnız gözəllik elementi deyil, həm də havanı təmizləyən, temperaturu tənzimləyən və insanların həyat keyfiyyətini artıran canlı ekosistemin bir hissəsidir. İqlim dəyişikliklərinin təsirinin getdikcə artdığı bir dövrdə düzgün yaşıllaşdırma şəhərlərin daha yaşana bilən məkanlara çevrilməsində əsas amillərdən biri hesab olunur.
Ləman Sərraf






