Həbsdən azad olunmuş şəxslərə necə davranılmalıdır?- PSİXOLOJİ İZAH
Həbsdən azad olunmuş bəzi şəxslərin qısa zamanda cinayət hadisələrinə qarışması sosial şəbəkələrdə müzakirə mövzusudur.
Uzun müddət həbsxanada qalan insanların ünsiyyət problemi ola bilər. Həmin şəxslər təxliyə edilərkən onların yenidən cinayət törədib-törətməyəcəyinə nəzarət etmək və bunun üçün psixoloji-sosial dəstək vermək lazımdır.
Bəs onları yenidən cəmiyyətə necə qazandırmaq olar? Bu şəxslərin ailələri, ətrafları həmin insanlara qarşı necə davranmalıdır?
Mövzu ilə bağlı psixoloq Fidan Azərqızı Patrul.az-a fikirlərini bölüşüb:
“Həbsdən çıxan bəzi şəxslərin qısa zamanda yenidən cinayət hadisələrinə qarışması göstərir ki, cəmiyyətə qayıdış prosesi hər kəs üçün eyni və asan olmur. Uzun müddət cəmiyyətdən uzaq qalan insanlarda ünsiyyət çətinliyi, insanlara qarşı güvənsizlik, emosional gərginlik, impuls nəzarətində çətinlik və adaptasiya problemləri müşahidə oluna bilər. Bu amillər onların gündəlik həyata uyğunlaşmasını, sağlam münasibətlər qurmasını və yeni həyat nizamı formalaşdırmasını çətinləşdirə bilər”.

Həmsöhtimizin fikrincə, belə şəxslərə yalnız nəzarət prizmasından yanaşmaq kifayət deyil:
“Onların psixoloji və sosial dəstəyə ehtiyacı olur. Psixoloji yardım, sosial adaptasiya proqramları, peşə yönümü və məşğulluq imkanları şəxsin özünü yenidən faydalı və cəmiyyətin bir parçası kimi hiss etməsinə kömək edir. İnsan aidiyyət hissini itirdikdə və qəbul edilmədiyini düşündükdə, köhnə davranış modellərinə qayıtma riski arta bilər.
Bu prosesdə ailə və yaxın çevrənin rolu xüsusilə önəmlidir. Davamlı qınaq, keçmiş səhvlərin tez-tez xatırladılması və etimadsız münasibət şəxsdə utanc, qəzəb və təcrid hissini daha da gücləndirə bilər. Digər tərəfdən, sağlam sərhədləri qorumaqla yanaşı anlayış və dəstək göstərmək, insanın dəyişmə motivasiyasını gücləndirə bilər”.
Psixoloq unutmamalı olduğumuz bir məqamı da vurğulayıb:
“Hər həbsdən çıxan şəxsin hekayəsi fərqlidir və hər kəsə eyni yanaşmaq doğru deyil. Bu insanların yenidən cəmiyyətə qazandırılması üçün onlara yalnız keçmişləri ilə deyil, dəyişmək və yenidən başlamaq potensialı ilə də baxmaq vacibdir. Sağlam reinteqrasiya həm fərdin, həm də cəmiyyətin təhlükəsizliyi baxımından önəmlidir”.
Ləman Sərraf






