Psixiatriya xəstəxanasına yerləşdirilən şəxsin kredit borcu silinirmi? - Mütəxəssis açıqladı
Kredit götürdükdən sonra psixiatriya xəstəxanasına yerləşdirilən şəxsin borcunun taleyi çoxlarını maraqlandıran məsələlərdəndir. Bəzi insanlar düşünür ki, belə hallarda kredit avtomatik silinir, digərləri isə borcun ailə üzvlərinin üzərinə keçdiyini hesab edir. Bəs qanunvericilik və bank praktikası bu barədə nə deyir?
Bu barədə Bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, psixi xəstəlik kredit borcunu silmir, borcun ödənilməsi borclunun əmlakı hesabına həyata keçirilir:
“Bu, hər kəsin borcuna görə öz əmlakı ilə cavabdeh olması prinsipidir. İnsan sağlam olanda da, xəstə olanda da, hətta vəfat etdikdən sonra da borc öhdəliyi qalır. Əgər əmlakı varsa, borc həmin əmlak hesabına ödənilir, yoxdursa, ödəniləcək mənbə olmur. Yəni şəxs sağdırsa, borc onun gəlirləri və ya əmlakı hesabına ödənilir. Psixi xəstəliyə tutulması, işsiz qalması və ya digər şəxsi vəziyyətləri bu qaydanı dəyişmir. Əmlakı varsa, tələb həmin əmlaka yönəldilə bilər. Məsələn, bir neçə evi, torpaq sahəsi, avtomobili və ya digər əmlakı varsa, onlar da borcun ödənilməsi üçün istifadə oluna bilər”.

Mütəxəssis qeyd edir ki, borc yalnız borclunun öz əmlakı hesabına ödənilə bilər və bu öhdəlik xəstəlik və ya vəfat halında da tam aradan qalxmır:
“Şəxs vəfat etdikdən sonra isə onun əmlakı vərəsələrə keçir. Vərəsələr mirası qəbul etdikləri halda, əmlak daxilində olan borc öhdəlikləri də nəzərə alınır. Əgər heç kim mirası qəbul etməzsə, əmlak dövlətə keçir və borclar da həmin əmlak hesabına ödənilir. Əmlak borcu tam bağlayırsa, ödənilir, çatmırsa, yalnız mövcud əmlak həcmində təmin edilir. Xəstəlik halında da qayda eynidir. Şəxsin əmlakı varsa, bank və ya digər kreditorlar borcun həmin əmlak hesabına ödənilməsini tələb edə bilərlər. Lakin borca görə onun qohumlarından, valideynlərindən, həyat yoldaşından və ya digər ailə üzvlərindən tələb irəli sürülə bilməz. Tələb yalnız borclunun öz əmlakına yönəldilə bilər”.
Cəmilə Cəfərzadə






