Nərimanovda avtomobilin dövlət qeydiyyat nişanı oğurlandı - Sahibindən "WhatsApp" vasitəsilə əlaqə istənildi - VİDEO
Paytaxtın Nərimanov rayonu, Faiq Yusifov küçəsi 15 ünvanında avtomobilin dövlət qeydiyyat nişanının oğurlanması hadisəsi baş verib.
Belə ki, Patrul.az redaksiyasına müraciət edən Nurlan Məmmədov bildirib ki, 21 yanvar 2026-cı il saat 06:00 radələrində ona məxsus Nissan Patrol markalı nəqliyyat vasitəsinin 10-RY-123 dövlət qeydiyyat nişanı naməlum şəxs tərəfindən oğurlanıb.
Onun sözlərinə görə, hadisəni törədən şəxs BYD markalı avtomobillə əraziyə gəlib və təxminən 15 dəqiqə ərzində ətrafı müşahidə etdikdən sonra nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını açaraq ərazidən uzaqlaşıb.
Bildirilib ki, dövlət qeydiyyat nişanını geri qaytarmaq üçün hadisəni törədən şəxs tərəfindən Gürcüstan Respublikasının mobil operatoruna məxsus WhatsApp nömrəsi qeyd edilib. Lakin həmin nömrəyə edilən zənglərə baxmayaraq, nömrənin işləmədiyi məlum olub.
Vətəndaş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin ərazi üzrə polis bölməsinə şikayət etdiyini bildirib.
Aslan Nadiroğlu






