Niyə bir an belə telefonsuz dayana bilmirik? - Psixoloq açıqladı
İnsanlar artıq 5 dəqiqə belə telefon olmadan, öz düşüncələri ilə baş-başa qala bilmirlər. Hətta qısa bir səssizlik anında dərhal telefona əl atırıq. Müasir insanın öz daxili səsini eşitməkdən bu qədər qorxmasının, davamlı olaraq rəqəmsal səs-küylə daxili boşluğunu doldurmağa çalışmasının psixoloji səbəbi nədir? Biz özümüzdənmi qaçırıq?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, müasir dövrdə telefon asılılığı təkcə texnologiya sevgisi deyil, həm də insanın daxili narahatlıqlardan qaçaraq davamlı rəqəmsal stimullarla boşluğu doldurması ilə bağlıdır:
“Müasir dövrdə insanların bir neçə dəqiqə belə telefon və ya digər rəqəmsal vasitələr olmadan qala bilməməsi təkcə texnologiyaya maraqla izah edilə bilməz. Bu hal daha çox insanın öz daxili dünyası ilə münasibətinin dəyişməsi, gündəlik həyatın sürətlənməsi və psixoloji gərginliyin artması ilə əlaqədardır. İnsan beyni təbiət etibarilə boşluqları doldurmağa meyillidir. Keçmiş dövrlərdə insanlar sakitlik və təklik anlarında öz düşüncələri ilə daha çox təmasda olur, yaşadıqları hadisələri mənalandırır, daxili hesabat aparırdılar. Bu gün isə sosial şəbəkələr, videolar, mesajlar və davamlı informasiya axını həmin boşluqları doldurur. Nəticədə insan öz fikirləri ilə tək qalmaq əvəzinə daim xarici stimullara yönəlir. Burada mühüm məqamlardan biri də odur ki, daxili səslə qarşılaşmaq hər zaman rahat olmur. İnsan öz qorxularını, narahatlıqlarını, həll olunmamış problemlərini və emosional yükünü hiss etdikdə narahatlıq yaşaya bilər. Telefon isə bir növ qaçış mexanizminə çevrilir. Sosial şəbəkədə bir neçə dəqiqə vaxt keçirmək insanı həmin düşüncələrdən müvəqqəti uzaqlaşdırır və beyində qısamüddətli rahatlıq hissi yaradır. Rəqəmsal platformaların işləmə prinsipi də bu prosesi gücləndirir”.

Psixoloq qeyd edir ki,daimi rəqəmsal stimullar insanı asılılığa və daxili narahatlıqlardan qaçışa sürükləyə bilər, halbuki balanslı istifadə və tək qalaraq düşünmək psixoloji sağlamlıq üçün vacibdir:
“Bildirişlər, bəyənmələr, yeni məlumatlar və qısa videolar beyində dopamin adlı mükafatlandırma sistemini aktivləşdirir. İnsan hər dəfə telefonu yoxladıqda yeni bir şeylə qarşılaşmaq ehtimalı onu yenidən ekrana qayıtmağa sövq edir. Zaman keçdikcə bu davranış vərdişə, bəzi hallarda isə asılılığa çevrilə bilir. Digər tərəfdən, müasir cəmiyyətdə tək qalmaq bəzən məhsuldarsızlıq kimi qəbul edilir. İnsanlar daim nəyəsə baxmalı, nəyisə izləməli, nəyisə etməli olduqlarını düşünürlər. Halbuki psixoloji sağlamlıq baxımından müəyyən müddət ərzində sakit qalmaq, düşünmək və özünü dinləmək olduqca vacibdir. Araşdırmalar göstərir ki, insanın öz daxili aləmi ilə təmasda olması emosional tənzimlənməni, yaradıcılığı və qərarvermə qabiliyyətini gücləndirir.
“Biz özümüzdənmi qaçırıq?” sualına gəldikdə isə, müəyyən hallarda buna müsbət cavab vermək mümkündür. İnsan öz problemləri ilə üzləşmək əvəzinə davamlı olaraq rəqəmsal səs-küyün içində qalmağa üstünlük verirsə, bu, daxili narahatlıqlardan qaçış forması kimi qiymətləndirilə bilər. Lakin hər bir telefon istifadəsini də psixoloji problemin göstəricisi hesab etmək düzgün olmazdı. Burada əsas meyar insanın texnologiyadan məqsədli istifadə edib-etməməsi və telefonsuz qaldıqda özünü necə hiss etməsidir. Sağlam yanaşma texnologiyadan imtina etmək deyil, onunla balanslı münasibət qurmaqdır. Gün ərzində müəyyən vaxtlarda telefondan uzaq qalmaq, təbiətdə gəzmək, kitab oxumaq, meditasiya etmək və ya sadəcə düşüncələrlə baş-başa qalmaq insanın psixoloji dayanıqlığını artırır. Çünki insanın özünü tanıması və daxili səsini eşitməsi məhz bu sakitlik anlarında mümkün olur”.
Cəmilə Cəfərzadə






