Niyə insanlar restoranlara daha çox pul xərcləyir? - İQTİSADÇI DANIŞDI
İnsanların restoranlara daha çox pul xərcləməsinin və evdə yemək bişirməkdənsə çölə çıxmağa üstünlük verməsinin əsas səbəbləri barədə iqtisadçı Akif Nəsirli Patrul.az-a öz fikirlərini bölüşüb.
İqtisadçı ilk növbədə qeyd edib ki, getdikcə insanların vaxtı azalır:
“İş, yol və gündəlik işlər o qədər çox olur ki, evdə yemək hazırlamaq həm vaxt, həm də enerji tələb edir. Bu səbəbdən restoran və ya çatdırılma üsulu daha rahat görünür.
Digər səbəb isə sosiallaşma ehtiyacıdır. Restoran yalnız yemək yeri deyil, həm də dostlarla görüşmək, ailəvi vaxt keçirmək və özünü yaxşı hiss etmək üçün məkandır. İnsanlar bunu ev şəraitində tapmaqda çətinlik çəkirlər”.
Akif Nəsirlinin sözlərinə görə, restoranların çoxalması və xidmət səviyyəsinin yüksəlməsi də bu vəziyyətə təsir göstərən amillərdəndir:
“Artıq restoranlar daha maraqlı mühit, daha müxtəlif menyu və daha yaxşı xidmət təqdim etdikləri üçün insanlar ora getməyi üstün tuturlar.
Bundan başqa, ərzaq məhsullarının bahalaşması evdə yemək bişirməyi də əvvəlki qədər sərfəli etmir. Bəzən evdə hazırlanan yeməyin qiyməti restoran yeməyinə çox yaxın olur və insanlar “hazırı-hazırca” seçirlər”.
Həmsöhbətimiz son illərdə çatdırılma xidmətlərinin genişlənməsindən də söz açıb:
“”Wolt”, “Bolt Food” kimi platformalar restoran yeməklərini daha əlçatan edir və evdə bişirməyə marağı azaldır.
Ümumilikdə, restoran seçimi həm rahatlıq, həm vaxt qazanmaq, həm də sosial təcrübə yaşamaq üçün daha cazibədar olduğuna görə insanlar ora daha çox pul xərcləməyə başlayıblar”.
Ləman Sərraf






