Niyə insanlar sosial mediada bir-birini tənqid etməyə meyllidir? – Psixoloqdan AÇIQLAMA
Texnologiyanın sürətli inkişafı insanların bir-birinə yanaşmasını və ünsiyyət tərzini köklü şəkildə dəyişib. Bir vaxtlar televiziya ailə üzvlərini bir yerə toplayaraq film izləməyə sövq edirdisə, bu gün insanlar artıq mobil telefonlar vasitəsilə sosial şəbəkələrdə şəbəkələşirlər. Əvvəllər gündəlik həyat hadisələrini uzun-uzadı söhbətlərdə bölüşənlər indi şəxsi profillərində rahatlıqla arzularını, nailiyyətlərini və düşüncələrini paylaşırlar. Müasir dövrdə bu proses birtərəfli ünsiyyətdən çıxaraq çoxtərəfli inteqrasiyaya çevrilib. Yəni paylaşımlara rəylər yazılır, müxtəlif fikirlər səsləndirilir və münasibət bildirilir. Lakin son illərdə sosial mediada xoşagəlməz bir mənzərə müşahidə olunur. Belə ki, insanlar səbəbsiz yerə başqalarının görkəmini məsxərəyə qoymağa, paylaşımlarını ələ salmağa, hətta təhqiramiz ifadələr işlətməkdən çəkinməməyə başlayıblar.
Maraqlıdır ki, onlar bunu qəsdənmi edirlər? Yoxsa başqasını təhqir etmək üstünlükmüş kimi görünür? Bəlkə də neqativ münasibətin artması dünyada son vaxtlar baş verən gərginliklərin təsirindən qaynaqlanır.
Məsələ ilə bağlı Patrulaz.az-a öz fikirlərini bölüşən psixoloq Vüsalə Əmiraslanovanın sözlərinə görə, insanların sosial mediada sərgilədiyi qəzəb və aqressiya bır sıra psixoloji amillərlə sıx bağlıdır.
Onun fikrincə, virtual məkanda sərhədlərin olmaması, insanlarda məsuliyyət hissini zəiflədərək, daxildəki mənfi emosiyaların açıq şəkildə ifadəsinə şərait yaradır:
“Sosial media insanların həyatda yaşaya bilmədiklərini virtual mühitdə reallaşdırmaq üçün bir platformadır. Bəzən elə insanlar olur ki, həyatda dilə gətirə bilmədikləri sözləri sosial media vasitəsilə ifadə edə bilirlər. Çox vaxt bu cür adamlar profilini gizlədərək, anonim adla fəaliyyət göstərməyə çalışırlar. Ümumiyyətlə, sosial mediada daha çox insanlar başqalarının istirahətinə, geyiminə və ya həyat tərzinə tənqidi yanaşımağı üstün tutur. Əksər hallarda bunu daha çox neqativ düşüncəli insanlar edir.
Təəssüflər ki, burada təkcə psixoloji deyil, həm də fiziki faktorlar mühüm rol oynayır. Belə ki, psixikasında ciddi problemləri, o cümlədən şəxsiyyət pozuntuları olan insanların paylaşımlarında da bu cür yazılara rast gəlirik. Lakin biz çox vaxt belə adamların hansı psixi problemlərə sahib olduqlarını sosial mediada analiz etməkdə çətinlik çəkirik”.
V.Əmiraslanovanın fikrincə, insanlar sosial şəbəkələrdə daha çox göstərişə və diqqətə önəm verirlər. Onun sözlərinə görə, aqressiya, depressiya, psixoloji gərginlik və hətta fiziki problemlər kimi amillər bəzilərini neqativ münasibət sərgiləməyə sövq edir. Bu, daha sonra onlarda yığılıb qalan gərginliyi boşaltmaq üsuluna çevrilir:
“Psixoloji problemlərə gəldikdə isə sosial mediada paylaşılan hər şey həqiqətə uyğun gəlmir. Buna görə də fikrimcə, buradakı paylaşımlar bəzən diqqəti cəlb etmək, bəzən də insanın özünü təsdiq etməsi üçün edilir. Belə insanlar yaxşı sözlər yazmaq əvəzinə, daha fərqli və neqativ fikirlər bildirərək, diqqət mərkəzində olmağı üstün sayırlar. Əlbəttə, bu davranışların psixoloji səbəbləri aqressiya, depressiya, psixoloji gərginlik və bəzən də fiziki problemlərlə bağlı ola bilər. Məhz bütün bunlar insanların sosial mediada bu cür reaksiya verməsinə gətirib çıxarır”.
Gülbəniz Səfərova






