Niyə xarici tələbələr Azərbaycanda təhsil almağa üstünlük verirlər? - Təhsil eksperti AÇIQLADI
Azərbaycana gələn turistlərin sayının artması ilə yanaşı, ölkəmizdə təhsil alan xarici tələbələrin də sayı əhəmiyyətli dərəcədə yüksəlib. Statistikaya görə, ötən il Azərbaycanda bakalavr və magistratura pilləsi üzrə 7 427 əcnəbi tələbə qəbul olunub.
Bu tələbələrin 1 175-i MDB ölkələrindən, 6 297-si isə digər dövlətlərdən gəlib. MDB ölkələri arasında Rusiyadan 794, Türkmənistandan 107, Qazaxıstandan 70 tələbə ölkəmizin ali təhsil müəssisələrinə daxil olub. Həmçinin Ukraynadan 57 nəfər bakalavr və magistratura səviyyəsində Azərbaycan universitetlərini seçib.
Digər ölkələrdən gələn tələbələrin sayı da diqqət çəkir. Belə ki, Türkiyədən 3 477, İrandan 942, Gürcüstandan 668, Hindistandan 305, Pakistandan 180, Suriyadan 148 tələbə Azərbaycan ali təhsil müəssisələrinə qəbul olunub. Bu rəqəmlər əvvəlki illərlə müqayisədə ciddi artımı göstərir.
Mövzu barəsində Patrulaz.az-a açıqlama verən jurnalist, yazıçı və elm-təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, Azərbaycan təhsili əcnəbi tələbələri akademik və iqtisadi üstünlükləri ilə yanaşı, coğrafi mövqeyi ilə cəlb edir.
Onun sözlərinə görə, ölkəmizdə təhsil almaq istəyən tələbələr yüksək keyfiyyətli təhsil, əlverişli xərclər və regiona yaxınlıq kimi amilləri nəzərə alırlar:
“Azərbaycan təhsil alan xarici tələbələrin sayının artmasının bir sıra səbəbləri var. Burada əsas məsələ ölkəmizin təhsil sisteminin artıq beynəlxalqlaşmasıdır. Yəni, bir sıra universitetlər beynəlxalq akkreditasiyа və reytinqdə də yer almağa başlayıb.Həmçinin, tədris proqramlarının ingilis dilində tədris olunması xarici tələbələrin cəlb olunmasını asanlaşdırır. Buraya regionda ölkəmizin əlverişli coğrafı mühitə malik olması da aiddir. Azərbaycan həm Şərqlə Qərbin kəsişməsində yerləşir, həm də nəqliyyat baxımından əlçatan bir ölkədir. Xüsusilə, Orta Asiya, Gürcüstan, Pakistan, Hindistan, eləcə də Ərəb ölkələrindən gələn tələbələr üçün də yaxın və münasib istiqamətdədir. Həmçinin, Azərbaycanda təhsil haqları da xaricilər üçün nisbətən münasibdir. Yəni, Qərb və qonşu ölkələrlə müqayisədə ölkəmizdə təhsil haqqı daha ucuz hesab olunur. Yaşayış xərcləri də ölkəmizdəki əcnəbi tələbələr üçün münasib sayılır”.
R.Fikrətoğlu açıqlamasında qeyd edir ki, əcnəbi vətəndaşların Azərbaycanda təhsil almağa üstünlük vermələrinin əsas səbəbləri ölkəmizin təhlükəsizliyi, təqaüdlərin əlçatanlığı və diplomların beynəlxalq aləmdə tanınması ilə bağlıdır:
“Dövlətin və universitetlərin təşviqi də burada çox mühüm rol oynayır. “Azərbaycan Respublikasında təhsil alan xarici vətəndaşların sayının artırılması üzrə Dövlət Proqramı” çərçivəsində müəyyən güzəştlər tətbiq olunur. Bir çox unversitetlər əcnəbi tələbələr üçün təqaüd proqramını da elan edir. Həmçinin Azərbaycan təhlükəsiz ölkədir və müsəlman ölkələrə də mədəni yaxınlığı var. Belə ki, bura müsəlman dövlətlərindən gələn tələbələr üçün dini-mədəni mühit baxımından daha uyğun hesab olunur. Eləcə də ölkəmiz digər regional ölkələr ilə müqayisədə təhlükəsiz və sabitdir. Azərbaycan diplomları bir sıra ölkələrdə tanındığı üçün tələbələr sonradan həm öz vətənlərində, həm də başqa dövlətlərdə karyera qurmaq imkanına malik olurlar. Bir sözlə, həm iqtisadi, həm coğrafi, həm də akademik amillər xarici tələbələrin ölkəmizə olan marağını artırır”.
Gülbəniz Səfərova






