Novruz bayramı günlərində evdə qalmaq və şirniyyat yemək: Çəkiyə real təsir nə qədərdir?
Novruz bayramı bolluq, bərəkət və süfrələrin zənginliyi ilə seçilən ən sevilən günlərdən biridir. Bu günlərdə evdə daha çox vaxt keçirmək, müxtəlif şirniyyatlara – xüsusilə paxlava, şəkərbura və şorqoğal kimi təamlara üstünlük vermək bir çox insanda eyni sualı yaradır:
“Bayramda neçə kilo kökələcəyəm?”
Dietoloqların fikrincə, qısa müddətdə ciddi çəki artımı o qədər də asan baş vermir. İnsan orqanizmi təxminən 1 kiloqram yağ toplamaq üçün 7000–7700 kalori artıq enerji qəbul etməlidir.
Bu isə o deməkdir ki, bayram günlərində gündəlik normadan 500-1000 kalori artıq qidalanma 3-4 gün ərzində maksimum 200-500 qram real yağ artımına səbəb ola bilər. Bayramdan sonra bir çox insan tərəzidə 1–2 kiloqram artım görüb narahat olur. Lakin bu artımın böyük hissəsi yağ deyil. Şəkərli və karbohidratla zəngin qidalar bədəndə suyun saxlanmasına səbəb olur.
Nəticədə çəki müvəqqəti olaraq artır və normal qidalanmaya qayıtdıqda bu fərq tezliklə azalır. Bayram günlərində fiziki aktivliyin azalması da çəkiyə təsir edən əsas faktorlardandır. Uzun müddət evdə qalmaq, az hərəkət etmək və eyni zamanda kalorili qidalar qəbul etmək enerji balansını pozur. Bu isə artıq kalorinin daha asan yığılmasına şərait yaradır.
Bayramda necə balans saxlamaq olar?
Mütəxəssislər Novruz süfrəsindən imtina etməyi yox, düzgün balans qurmağı tövsiyə edir:
– Şirniyyatları kiçik porsiyalarla qəbul edin;
– Gün ərzində ən azı 20–30 dəqiqə hərəkətdə olun;
– Bol su içərək orqanizmdə su balansını qoruyun;
– Ağır qidalanmadan sonra növbəti gün daha yüngül menyuya üstünlük verin.
Novruz bayramında bir neçə gün ərzində çox yemək ciddi və qalıcı kökəlməyə səbəb olmur. Əsas təhlükə bu qidalanma tərzinin bayramdan sonra da davam etməsidir. Qısa müddətli həzz uzunmüddətli problemə çevrilməsin deyə, balanslı yanaşma hər zaman ən doğru seçimdir. İstirahət edin, bayramın dadını çıxarın, amma ölçünü unutmayın.
Aynur Nadirqızı, Patrul.az






