media-photo-output

Onkoloji xəstəliklərin artdığı bir dövrdə bu sahəyə diqqətin artırılması həm səhiyyə sisteminin gücləndirilməsi, həm də pasiyentlərin daha təsirli müalicə alması baxımından xüsusi əhəmiyyət daşıyır. Xərçəng xəstələrinin uzunmüddətli və davamlı müalicəyə ehtiyac duyması əlavə resurs tələb edir və sahəyə ayrılan vəsaitin həcmi müalicənin keyfiyyətinə birbaşa təsir göstərir.

Bəs dövlətin bu sahəyə ayırdığı maliyyənin artırılması onkoloji xəstələrin müalicəyə çıxışını və aldıqları tibbi xidmətlərin keyfiyyətini necə yaxşılaşdıra bilər?

Bu barədə onkoloq Dr. Afət Cabbarova Patrul.az-a açıqlamasında bildirib ki, onkoloji xəstələr üçün bahalı hədəf yönümlü dərmanların təminatının artırılması müalicənin effektivliyini və əlçatanlığını yüksəldir:

“Onkoloji xəstələrin sayının artması son 50 ildə təkcə Azərbaycanda deyil, demək olar ki, bütün ölkələrdə müşahidə olunur və gələcəkdə də artacağı gözlənilir. Dövlətin bu sahədə xəstələrə dəstəyi böyükdür. Hazırda bir çox dərmanlar dövlət xəstəxanalarında ödənişsiz təqdim edilir. Lakin onkoloji xəstələrin bu gün üçün əsas problemi ondan ibarətdir ki, biz əsasən kimyəvi terapiya dərmanlarını təmin edə bilirik.

Xəstələrin ‘ağıllı dərman’ adlandırdığı, tibbi dildə isə hədəf yönümlü müalicə vasitələri həm xaricdə, həm də Azərbaycanda çox bahalıdır. Bununla belə, bu dərmanlar süd vəzi, yumurtalıq, bağırsaq və digər bir çox şiş növlərində kimyəvi terapiya ilə yanaşı uğurla tətbiq olunur və xəstəliyin qayıtmasının, residivlərin yaranmasının qarşısını əhəmiyyətli dərəcədə alır. Bu dərmanların təminatının artırılması daha çox xəstə üçün əlçatanlıq yaradacaq və yalnız müsbət nəticə verə bilər.”

Həkimin sözlərinə görə, xəstəlik təkrarladıqda yeni və fərqli dərmanlara ehtiyac yarandığı üçün bu preparatların təminatının genişləndirilməsi xəstələrə böyük dəstək olacaq:

“Onkoloji xəstəliklərin bir qismi tam sağalsa da, böyük hissəsi təkrar müalicə tələb edir. Xəstəlik təkrarladıqda və metastaz verdikdə fərqli müalicə sxemlərinə və fərqli dərmanlara ehtiyac yaranır ki, həmin dərmanların bir qismi dövlət proqramına daxil olmaya bilər. Bu baxımdan bu preparatların təminatının genişləndirilməsi xəstələr üçün böyük dəstək ola bilər.”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər