media-inshot_20251217_142341904

2025–2026-cı il Yeni il gecəsi üçün Azərbaycan otellərində qiymətlər əvvəlki illərlə müqayisədə xeyli yüksəlib və istirahət daha çox premium xidmət paketi üzərindən təklif olunur. 

Patrul.az-ın araşdırmasına görə, otellərin əksəriyyəti qonaqlara təkcə gecələmə deyil, eyni zamanda Yeni il şənliyi, canlı musiqi, əyləncə proqramları, SPA xidmətləri və gündəlik qidalanma daxil olan paketlər təqdim edir. Qiymətlər əsasən 2 nəfərlik otaq üçün, 31 dekabr–2 yanvar tarixlərini (2 gecə) əhatə edir.

Ən münasib Yeni il paketləri bölgə otellərində müşahidə olunur. Məsələn, Naftalan, Şəki və Qax istiqamətində yerləşən bəzi hotellərdə qiymətlər 620–900 manat aralığından başlayır. Şəki Palace Hotel, Chinar Health Hotel və El Resort Qax Hotel bu kateqoriyada daha əlçatan seçimlər sırasında yer alır. Bu paketlərə adətən gala gecəsi, SPA imkanları və gündəlik yeməklər daxildir.

Qəbələ, Şamaxı, Quba və Nabran kimi turizm mərkəzlərində yerləşən otellərdə isə qiymətlər 1000–1600 manat arasında dəyişir. Qafqaz Riverside, Gabala Garden, Shabran Wellbeing və Lankaran Springs Resort kimi hotellər Yeni ili ailəvi və daha komfortlu keçirmək istəyənlər üçün nəzərdə tutulub. Bu hotellərdə proqramlar daha zəngin, xidmətlər isə daha genişdir.

Daha yüksək büdcəli istirahət axtaranlar üçün Qusar və Quba istiqamətində yerləşən premium otellər ön plana çıxır. Park Chalet, Pik Palace və Quba Palace Hotel kimi məkanlarda Yeni il paketlərinin qiyməti 2000 manatdan başlayaraq 3900 manata qədər yüksəlir. Bu otellərdə qonaqlara fərdi xidmət, geniş əyləncə proqramı, xüsusi gala gecələri və yüksək səviyyəli istirahət şəraiti təklif olunur. Qeyd edilir ki, bəzi premium hotellərdə minimum 3 gecəlik rezervasiya tələbi mövcuddur.

Ümumilikdə, 2025–2026-cı il Yeni il mövsümü üçün otel qiymətləri göstərir ki, Yeni ili oteldə qarşılamaq artıq daha çox planlı və büdcəli seçim tələb edir. Qiymətlərə daxil olan xidmətlər oteldən-otelə dəyişdiyinə görə və əlavə xərclər yarana biləcəyindən, vətəndaşlara rezervasiya etməzdən əvvəl otellərlə birbaşa əlaqə saxlayaraq detalları dəqiqləşdirmək tövsiyə olunur.

Ləman Sərraf


Bənzər xəbərlər