Pakistanda hərbi təyyarə yerə çırpıldı - Mülki əhali son anda xilas oldu
Pakistanda Hərbi Hava Qüvvələrinə məxsus təlim-tədris təyyarəsi qəzaya uğrayıb.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Pəncab əyalətinin Mianvali dairəsində, M.M. Alam aviabazasının yaxınlığında planlı təlim uçuşu zamanı baş verib.
Hadisəyə uçuş zamanı təyyarənin mühərrikində yaranan texniki nasazlığın səbəb olduğu bildirilir.
Qəza nəticəsində təyyarədə olan təlimatçı pilot və tələbə pilot katapult edərək sağ qalıblar.
Sosial şəbəkələrdə yayılan görüntülərdə pilotların paraşütlə yerə enməsi və yerli sakinlər tərəfindən onlara ilkin köməklik göstərilməsi əks olunub. Onlar dərhal hərbi hospitala təxliyə ediliblər. Pilotların xəsarətlərinin yüngül, ümumi vəziyyətlərinin isə qənaətbəxş olduğu bildirilir.
Təyyarə boş sahəyə düşdüyü üçün mülki əhali arasında xəsarət alan olmayıb və yaşayış obyektlərinə ziyan dəyməyib.
Faktla bağlı Pakistan Hərbi Hava Qüvvələrinin Baş Qərargahı tərəfindən qəzanın dəqiq səbəblərini araşdırmaq üçün rəsmi Təhqiqat Komissiyası yaradılıb.
Ərazi hərbçilər tərəfindən mühafizəyə götürülüb.






