Panik atakların artmasına səbəb olan əsas psixoloji risk faktorları – Psixoloq izah etdi
Son günlər panik atak hallarında artım müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, insanların gündəlik stres yükünün çoxalması və psixoloji gərginliyin artması bu prosesə təsir edən əsas amillərdəndir.
Bəs panik atakların çoxalmasına səbəb olan əsas psixoloji risk faktorları hansılardır?
Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a açıqlamasında bildirib ki, panik atak beyin və bədənin stressə həddindən artıq həssas reaksiyasının nəticəsi olaraq yaranan ani qorxu epizodudur.
“Panik atak, beynin ‘təhlükə siqnalını’ yanlış işə salmasıdır. Real təhlükə olmasa da, bədən özünü sanki ölüm təhlükəsi varmış kimi aparır. Səbəblər isə çoxqatlıdır — bioloji, psixoloji və sosial amillərin birləşməsindən yaranır. Bu halda əsas səbəbləri belə sadalamaq olar:
1. Beyin kimyasındakı dəyişikliklər
Beynin ‘qaç-döyüş’ sistemi daha tez aktivləşir və bədən buna güclü ürək döyüntüsü, titrəmə, nəfəs darlığı kimi reaksiyalarla cavab verir.
2. Genetik meyllər
Ailəsində panik pozuntusu olan insanlarda risk 4–5 dəfə artır. Bu, panik atak mütləq olacaq demək deyil, sadəcə bədən stressə daha həssas olur.
3. Travmalar və yığılmış stres
Həddindən artıq yüklənən sinir sistemi müəyyən anda “oyanır” və panik atak baş verir.
4. Həssas şəxsiyyət tipi
Bəzi insanlar emosiyaları daha güclü hiss edir və tez stimullaşırlar.
5. Hormonal faktorlar
Hormonal dəyişikliklər bədənin reaksiyalarını gücləndirərək panik atakların yaranma ehtimalını artırır.
6. Kofein, alkoqol və yuxu pozuntuları
Çox kofein və enerji içkiləri qəbul etmək, az yatmaq və davamlı yorğunluq panik atakları birbaşa qıcıqlandırır.
Əlbəttə, siyahını daha da genişləndirmək mümkündür. Lakin sadaladıqlarım panik atakların yaranmasında ən təməl və ən çox rast gəlinən səbəblərdir”, — psixoloq qeyd edib.
Cəmilə Cəfərzadə






