media-inshot_20251212_083852440

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan ərazisindən Ermənistana göndərilən malların tranzitinin bərpası ilə bağlı qərarı yüksək qiymətləndirib.

Patrul.az “ArmenPress”ə istinadla xəbər verir ki, Paşinyan bu barədə Moskvada keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxışı zamanı səsləndirib.

Baş nazir bildirib ki, tranzitin açılması bölgədə sülh və sabitliyin möhkəmlənməsi baxımından əhəmiyyətli addımdır:

“Azərbaycan Respublikası Prezidentinin Azərbaycan ərazisindən Ermənistana göndərilən malların tranzitinin açılması qərarını alqışlamaq istərdim. Bu, bölgəmizdə sülh və sabitliyin bərqərar olması çərçivəsində əldə edilən ən mühüm nailiyyətlərdən biridir”.

Paşinyan çıxışında, həmçinin Ermənistanın Avrasiya İqtisadi Birliyi (AİB) ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb:

“Ermənistan Respublikası AİB-in xarici iqtisadi əlaqələrinin coğrafiyasının genişləndirilməsinə xüsusi əhəmiyyət verir və bu prosesi Birliyin qlobal iqtisadiyyatda rolunun gücləndirilməsi üçün əsas amil hesab edir. Yeni azad ticarət sazişləri dialoqu möhkəmləndirməklə yanaşı, AİB-in rəqabət qabiliyyətinin artmasına töhfə verir və ölkələrimiz üçün yeni iqtisadi imkanlar açır”.

Siyasi lider nəqliyyat və logistika sektorunu da iqtisadi əməkdaşlığın ən vacib istiqamətlərindən biri adlandırıb:

“Nəqliyyat infrastrukturunun şaxələndirilməsi ticarət dövriyyəsinin artmasına əlavə təkan verə bilər”, – deyə baş nazir əlavə edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər