Paşinyan: "Azərbaycanla delimitasiyanı məntiqi müddətə tamamlayacağıq"
Ermənistan və Azərbaycan yaxın gələcəkdə delimitasiya prosesini davam etdirəcəklər.
Patrul.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yaradılması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Paşinyan iki ölkə arasındakı sərhəd müəyyənləşməsinin qısa zamanda yekunlaşacağını vurğulayıb:
“Qarşıdakı dövrdə, əlbəttə ki, məntiqi bir müddət ərzində delimitasiyanı davam etdirəcək və tamamlayacağıq”.
Baş nazir qeyd edib ki, hazırda gündəlikdə Gürcüstanla da delimitasiya prosesinin yekunlaşdırılması məsələsi var. O, həmçinin bildirib ki, proses başa çatdıqdan sonra Silahlı Qüvvələr döyüş mövqelərindən çıxaraq daimi dislokasiya ərazilərinə qayıdacaq, sərhəddə isə yalnız sərhəd qoşunları xidmət edəcək:
“Onilliklərdir ki, onlar bizə məlum olan vəziyyətlərə görə şəraitin heç də yaxşı olmadığı səngərlərdə və mövqelərdə xidmət edirlər. Sərhəddəki güclü istehkamlar və müdafiə strukturları nə vaxtsa sərhəd qoşunlarına təhvil veriləcək. Lakin bu, yalnız Azərbaycanla tamhüquqlu sülh şəraitində baş verəcək”.
Paşinyan Ermənistanın bu istiqamətdə hər gün daha inamla irəlilədiyini əlavə edib.
Gülbəniz Səfərova






