media-inshot_20251203_162527081

Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub. “Bizim vəzifəmiz bu sülhü möhkəmləndirməkdir”, – deyə o qeyd edib.

Həqiqətən də Paşinyan sülhün bərqərar olduğunu qəbullanıb? Onun bu ifadələri nə dərəcədə inandırıcıdır?

Siyasi şərhçi Azər Həsrət Patrul.az-a açıqlamasında Ermənistanın artıq sülhün qaçılmaz olduğunu dərk etdiyini söyləyib:

“Ermənistan uzun illər Azərbaycan torpaqlarını işğal altında saxladığı və təxribatlara yol verdiyi dövrdə, nə iqtisadi, nə siyasi, nə də hərbi sahədə irəliləyiş əldə edə bilmədi. Bunun əsas səbəblərindən biri də ölkənin Azərbaycan və Türkiyə tərəfindən blokada altında qalması idi. Belə bir şəraitdə Ermənistanın inkişafı mümkün olmadı. Hətta İranın onlara yaratdığı müəyyən nəfəslik belə, real nəticə vermədi”.

media-img-20251203-wa0052

Onun sözlərinə görə, indi Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət anlayır ki, Azərbaycanla sülh bərqərar olmadan Ermənistan dövlətinin mövcudluğu sual altındadır:

“Əgər yenidən Azərbaycanla münaqişə baş verərsə, bu, Ermənistanın dövlət kimi tarix səhnəsindən silinməsi ilə nəticələnə bilər. Bu reallığı Paşinyan hökuməti anlayır və sülhə nail olmaq üçün mövcud imkanlardan istifadə etməyə çalışır.

Bununla belə, bu prosesə mane olmaq istəyən qüvvələr də mövcuddur. Bu qüvvələr həm Ermənistan daxilində, həm də xaricdə fəaliyyət göstərir. Xüsusilə Rusiya, bu məsələdə aktiv şəkildə manelər yaratmağa çalışır. Rusiya rəsmiləri İrəvana emissarlar göndərir və bəyan edirlər ki, guya Qarabağ məsələsi hələ tam həll olunmayıb. Lakin Ermənistan rəhbərliyi bu təsirlərə rəğmən, geri addım atmır”.

“Azərbaycan da öz növbəsində bu sülh prosesini pozmaq istəyən üçüncü tərəflərə meydan verməmək üçün səylər göstərir. Bu baxımdan, hesab edirəm ki, Paşinyanın sülhə dair açıqlamaları səmimi qəbul edilə bilər”,– deyə həmsöhbətimiz əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər